Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin VII - ci Hesabat...

1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadçı alimlərin təşəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yaradılmış və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyata alınmışdır. Hazırda respublikanın bir çox əmlak qiymətləndiriciləri və qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi şəxslər, qiymətin əmələ gəlməsi və əmlak bazarı sahəsində ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məşğul olan mütəxəssislər və elmi işçilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. AQC ictimai birlik olaraq qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədi ilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli istiqamətində dövlət orqanları ilə sıx əməkdaşlıq edir.

Nizamnaməsində göstərildiyi kimi, «cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan Respublikası ərazisində qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək, onların peşə hüquqlarının qorunmasına, peşə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır». Bu məqsədin reallaşdırılması üçün AQC dövlət orqanları, digər ictimai birliklər, beynəlxalq təşkilatlarla birgə layihə və proqramların, beynəlxalq və Avropa standartlarına uyğun milli qiymətləndirmə standartlarının hazırlanmasında iştirak edir, qiymətləndiricilərin ixtisasının artırılması üzrə kurslar, konfranslar, seminarlar, brifinqlər keçirir, qiymətləndirmə fəaliyyətinin çoxsaylı problemlərini araşdırır və müxtəlif bülletenlər, kitablar nəşr edir, üzvlərini zəruri informasiya ilə təmin edir, ölkənin ayrı-ayrı bölgələrində qiymətləndirmə fəaliyyətinə olan tələbatın ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir və yayır.

Fəaliyyət göstərdiyi müddətdə AQC tərəfindən «Qiymətləndiricilərin bülleteni», qiymətləndirmə məsələləri ilə bağlı məcmuələr («Qiymətləndirmə», «Qiymətləndirmə və mühasibat uçotu», «Qiymətləndirmə və normativ-hüquqi sənədlər»), «əmlakın qiymətləndirilməsi» qanunvericilik aktları toplusu nəşr olunmuş, qiymətləndiricilərin peşə-ixtisas səviyyələrinin yüksəldilməsi məqsədilə Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhərlərində baza ixtisasartırma kursları təşkil edilmiş, 2001-ci ilin mayında «Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı» mövzusunda, 2002-ci ilin dekabrında “iqtisadi fəaliyyət sahələrində intellektual sahibkarlığın inkişaf istiqamətləri” mövzusunda elmi-praktiki konfranslar və 2003-cü ilin aprelində «Sahibkarlığın inkişafının əsas prioritetləri və qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsinin aktual məsələləri» mövzusunda II Beynəlxalq Konqres keçirilmiş, «2001-2017-ci illərdə Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin inkişaf konsepsiyası», «Azərbaycan Respublikasında peşəkar qiymətləndiricilərin hazırlanması və ixtisasının artırılması Proqramı» müvafiq dövlət qurumlarına təqdim edilmiş, xarici ölkələrin qiymətləndiricilərinin birlikləri ilə əlaqələr yaradılmışdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşəbbüsü ilə 23-24 may 2001-ci ildə keçirilən «Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı» mövzusunda II beynəlxalq elmi-praktiki konfransda MDB Qiymətləndiricilər Birlikləri Şurasının sədri və üzvləri, Belarus, Rusiya, Moldova, Qazaxstan, Qırğızıstan və s. dövlətlərin qiymətləndiricilər birliklərinin nümayəndələri iştirak edirdilər. Konfrans Azərbaycanda qiymətləndirmə fəaliyyətinin inkişaf konsepsiyasının hazırlanması, aparılan qiymətləndirmə işlərinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndiricilərin attestasiya sisteminin hazırlanması, milli qiymətləndirmə standartlarının və qiymətləndirmə fəaliyyətinin normativ-metodiki bazasının inkişafına dair təkliflərin hazırlanması kimi vacib məsələləri qarşıya qoydu.

26 dekabr 2002-ci ildə “iqtisadi fəaliyyət sahələrində intellektual sahibkarlığın inkişaf istiqamətləri” mövzusunda keçirilən elmi-praktiki konfransda müstəqil intellektual sahibkarlıq fəaliyyəti olan qiymətləndirmənin perspektiv inkişafını təmin edə biləcək irimiqyaslı sosial-iqtisadi proqramların ayrı-ayrı mərhələlərindən bəhs olunmuşdur. 2003-cü ilin aprelində «Sahibkarlığın inkişafının əsas prioritetləri və qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsinin aktual məsələləri» mövzusunda II Beynəlxalq Konqresdə (konqres Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, MDB Qiymətləndiricilər Birlikləri Şurası və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunmuşdur) milli sahibkarlığın inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, qiymətləndirmə fəaliyyətinin bir sıra aktual məsələləri və s. müzakirə olunmuşdur.

Ölkədə peşəkar qiymətləndiricilərin və milli standartların elmi və praktiki biliklər əsasında tez bir zamanda hazırlanması sahəsində işlərin keyfiyyətinin artırılması zərurətini nəzərə alaraq 11 noyabr 2003-cü il tarixdə MDB Qiymətləndiricilər Birlikləri Şurasının rəhbərlərinin iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyətinin “əmlak bazarı və milli qiymətləndirmə standartları” mövzusunda professor-müəllim heyəti, magistr və tələbələrin elmi konfransı keçirildi. Konfrans gənc iqtisadçıların böyük marağına səbəb olmuşdur.

Qiymətləndiricilərin hazırlanması, onların fəaliyyətinin sertifikatlaşdırılması qaydasına keçilməsi və tarif-ixtisas xüsusiyyətlərinin real müəyyənləşdirilməsi qiymətləndirmə fəaliyyətinin indiki mərhələsində vacib məsələlərdəndir. Bu baxımdan, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşəbbüsü ilə əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasında qiymətləndirici fəaliyyətinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif Sorğu kitabçasına əlavə edilməsi barədə verilən qərar qiymətləndirmə fəaliyyətinin perspektiv inkişafı və tənzimlənməsi üçün böyük əhəmiyyət kəsb edir.

Hazırda AQC Rusiya Federasiyasının, Litvanın, Moldovanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Polşanın, Böyük Britaniyanın, ABŞ-ın qiymətləndiricilər birlikləri və cəmiyyətləri ilə, habelə Beynəlxalq Qiymətləndiricilər və Rieltorlar qurumları ilə sıx əməkdaşlıq edir. 2002-ci ildə AQC «MDB qiymətləndiricilər birlikləri Şurası»nın təsisçilərindən biri olmuşdur. Bu, regional beynəlxalq assosiasiyanın yaradılması, onun iştirakçısı olan dövlətlərdə vahid qiymətləndirmə məkanının yaradılmasının əsasını müəyyən etmiş, qarşılıqlı investisiya qoyuluşları prosesinin sadələşdirilməsi və mübahisələrin həlli üçün zəmin yaratmışdır. Qeyd etməliyik ki, bu cür regional beynəlxalq qurumlar Avropada uzun müddətdir ki, fəaliyyət göstərir (məsələn, Qiymətləndiricilər Assosiasiyalarının Avropa Qrupu). Bu qəbildən olan beynəlxalq ictimai təşkilatların yaradılmasının əsas məqsədləri iştirakçı dövlətlərdə qiymətləndirmə fəaliyyəti sisteminin inkişafına, müvafiq normativ-hüquqi bazasının yaradılmasına, qiymətləndiricilərin ixtisasının yüksəlməsinə, milli qiymətləndirmə standartlarının ölkənin statistika və maliyyə hesabatı sistemi ilə uzlaşdırılmasına yardımçı olmaq, beynəlxalq təşkilatlarda, dövlət hakimiyyəti orqanlarında və idarəetmə strukturlarında öz üzvlərinin hüquqi, iqtisadi və sosial mənafelərini qorumaq, onları lazımi informasiya ilə təmin etməkdir.

Eyni zamanda, ictimai birliklərə üzvlük qiymətləndiricilərin peşəkarlıq səviyyəsini, lazımi informasiyanı əldə etmək imkanının olduğunu təsdiq edir, onlar bu birliklərin adından çıxış etmək, rəmzlərindən istifadə etmək hüququ qazanırlar. AQC öz üzvləri üçün buraxdığı bülletenləri, sorğu vəsaitlərini və digər metodiki vəsaitləri respublikanın bütün ərazisində yayır, normativ aktları işləyib hazırlayır və təsdiq edir, seminarlar, treyninqlər keçirir, kitablar nəşr edir. Cəmiyyətin məqsədi əmlakın müxtəlif növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətini dəstəkləməkdir.

Hazırkı dövrdə AQC-nin idarə heyəti tərəfindən qiymətləndirmə fəaliyyəti üçün konkret olaraq aşağıdakı müddəalar əsas kimi qəbul olunur:

  • Elmi sahə olmaq etibarilə, qiymətləndirmə fəaliyyəti qiymətləndiricidən xüsusi biliklər, peşəkar qiymətləndirmənin mürəkkəb məsələlərinin həllini tapmaq bacarığı, qiymətləndirmə fəaliyyətinin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsini tələb edir;
  • Səriştəsizliyin və qeyri-səmimiliyin qarşısını almaqla, qiymətləndirmə sifarişçisi qismində çıxış edən dövlətə, hüquqi və fiziki şəxslərə xidmət göstərilməsinin müəyyən səviyyəsini təmin etmək, əmlakın qiymətləndirilməsi xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarını müdafiə etmək.

Fəaliyyətinin səmərəliyini təmin etmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üç əsas məsələni həll edir:

  • Müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları üçün bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin sabitliyinə nail olmaq;
  • Öz üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü şəxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək;
  • Müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə, qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək.

Qiymətləndiricilərin ictimai birliklərinin bu sahədə fəaliyyətinin tənzimlənməsi prosesindəki əsas funksiyalarından biri qiymətləndirmə standartlarını və qiymətləndiricilərin etik davranış qaydalarını işləyib hazırlamaqdır. Bu standartlar qiymətləndiricilərin fəaliyyətinin səmərəsini yüksəltməyə, tərtib edilən hesabatların məzmununu, strukturunu standartlaşdırmağa, sifarişçilərə göstərilən xidmətlərin keyfiyyətini artırmağa, onlarla uzunmüddətli işgüzar münasibətlər yaratmağa xidmət edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətinin digər istiqaməti milli qiymətləndirmə standartlarının hazırlanması olmuşdur. Bu məqsədlə 2004-2006-ci illərdə 20-yə qədər milli qiymətləndirmə standartlarının (“Borc öhdəlikləri və ssudalar üzrə təminatın qiymətləndirilməsi”, “əmlak və sair hüquqların qiymətləndirilməsi”, “intellektual mülkiyyətin qiymətləndirilməsi”, “Bazar dəyəri qiymətləndirmə bazası kimi”, “Qiymətləndiricilərin peşə etikası kodeksi”, “Qiymətli kağızların qiymətləndirilməsi”, “Daşınmaz əmlakın qiymətləndirilməsi”, “investisiya proqramlarının qiymətləndirilməsi və s.) işlənməsini nəzərdə tutan fəaliyyət proqramı hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir. AQC nəzdində bu məsələ ilə məşgul olan, aparıcı qiymətləndirici-mütəxəssislərdən və iqtisadçılardan ibarət təşəbbüs qrupu yaradılmışdır. AQC tərəfindən hazırlanmış Milli Qiymətləndirmə Standartları 2009-cu ildən qüvvədədir.







RƏNG SEÇİN