Qiymətləndiricinin Seçilməsi

Qiymətləndirici - qiymətləndirməni həyata keçirmək üçün müvafiq ixtisasa, bacarığa və təcrübəyə malik olan şəxsdir. Onun ixtisasını təsdiq edən sənəd müvafiq ali təhsil müəssisəsi tərəfindən verilən və qiymətləndirici ixtisasını təsdiq edən sənəd (diplom) və ya qiymətləndiricilərin peşəkar birliyi olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən verilən sertifikatdır.

Qiymətləndirici:

  • Sertifikat almaq üçün iqtisadiyyat, hüquq və ya texniki sahədə ali təhsilə malik olmalıdır;
  • Bazarda müxtəlif kateqoriyalı aktivləri qiymətləndirmək üçün müvafiq səriştəyə malik olmalıdır;
  • Düzgün qiymətləndirməni aparmaq üçün qiymətləndirmə metodlarını bilməli, onlardan düzgün istifadə etməyi bacarmalı, təhsilini mütəmadi təkmilləşdirməlidir;
  • Qiymətləndirmə sahəsi üzrə ixtisaslaşan, Beynəlxalq və Milli Qiymətləndirmə Standartları əsasında fəaliyyət göstərən peşəkar birliyin üzvü olmalıdır;
  • Bu standartın tələblərinə riayət etməlidir;

İstisnalara qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.

Bu tələblərə cavab verən qiymətləndiricilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Reyestrində qeydə alınıb və www.aqc.az səhifəsində məlumat verilib. Qiymətləndiricilər AQC-nin müxtəlif sahələr üzrə təşkil etdiyi ixtisasartırma kurslarında dinləyici kimi iştirak etdikdən sonra imtahan verir və nəticədən asılı olaraq uyğun sahə üzrə peşə hazırlıqlarını təsdiq edən Sertifikat alırlar. Sertifikatlar aşağıdakı sahələr üzrə 5 il müddətinə verilir:

  • Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi;
  • Kommersiya obyektlərinin qiymətləndirilməsi;
  • İstehsal sahələrinin qiymətləndirilməsi;
  • Maşın və mexanizmlərin qiymətləndirilməsi;
  • Fəaliyyətdə olan müəssisələrin (biznesin) qiymətləndirilməsi;
  • Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi.

Sifarişçi qiymətləndirici ilə müqavilə bağlayarkən qiymətləndirilən əmlakın növündən asılı olaraq qiymətləndiricidən aşağıdakı sənədləri tələb etməlidir:

  • Uyğun sahə üzrə peşə hazırlığını təsdiq edən Sertifikat;
  • AQC-yə üzvlük vəsiqəsi;

Xidmət müqaviləsi.







RƏNG SEÇİN