Üç ölkənin qiymətləndiriciləri Azərbaycan və Türkiyənin...

Üç ölkənin qiymətləndiriciləri Azərbaycan və Türkiyənin təşəbbüsünə qoşulur.

Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndiricilər Palatasının sədri Marat Baitokov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla onlayn görüş keçirib.

AQC-dən AZƏRTAC-a bildirilib ki, Marat Baitokov azərbaycanlı və türkiyəli həmkarları Vüqar Oruc və Yaşar Bahçeci tərəfindən irəli sürülən Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin təsis olunması təşəbbüsünü dəstəklədiyini deyib. Qeyd edib ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Qiymətləndirmə palataları ilə birlikdə belə bir qərar veriblər. Tərəflər Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və bir sıra başqa dövlətlərin qiymətləndiricilərinin də bu qurumda assosiativ hüquqla və ya müşahidəçi qismində təmsil olunması barədə razılığa gəliblər.

M.Baitokov AQC ilə Qazaxıstan Qiymətləndiricilər Palatası arasında ikitərəfli əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib. Yekunda daha geniş formatda müzakirələrin aparılması və Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin təsis olunması istiqamətində hazırlıqlara başlanılması razılaşdırılıb. Təsis toplantısı üçün Qazaxıstanın Türküstan şəhəri, Azərbaycanın işğaldan azad edilən Şuşa şəhəri və Türkiyənin İstanbul şəhəri təklif olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Türkiyənin Qiymətləndirmə Mütəxəssisləri Birliyinin rəhbəri Yaşar Bahçeci ilə görüşərək, Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin yaradılması barədə razılıq əldə ediblər. AQC və Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi arasında əməkdaşlıq memorandumunun imzalanmasından sonra digər türkdilli dövlətlərlə əməkdaşlığın yaradılması barədə niyyət protokolu imzalanıb.







RƏNG SEÇİN