AQC sədri qiymətləndirmə sektorunun inkişafı ilə bağlı...

AQC sədri qiymətləndirmə sektorunun inkişafı ilə bağlı təkliflər irəli sürüb.

Türkiyənin Ədliyyə Nazirliyi Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyini əmlak bazarının mövcud statistikası ilə təmin edir. Dünyanın əksər ölkələrində bu təcrübədən istifadə edilir. Azərbaycanda da buna ciddi ehtiyac var. Bu, qiymətləndirmə şirkətləri və qiymətləndiricilər üçün faydalı məlumat bazası olmaqla yanaşı, şəffaf qiymətləndirmə rəylərinin hazırlanmasına ciddi töhfə olardı.

Bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Audit və qiymətləndirmə fəaliyyəti” mövzusunda təşkil olunan ictimai müzakirədə çıxışı zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc söyləyib.

O qeyd edib ki, rəhbəri olduğu cəmiyyət 58 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir və ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir. AQC sədri çıxışı zamanı ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sektorunun problemləri haqqında danışıb: “Hüquqi bazanın təkmilləşdirilməsi, qanunvericilikdə olan boşluqların aradan qaldırılması, milli qiymətləndirmə standartlarının hazırlanması, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin inzibati təsir mexanizmlərinin yaradılması, habelə dövlət orqanları ilə AQC arasında münasibətlərin rəsmiləşməsi qiymətləndirmə sektorunun tərəqqisi və inkişafı baxımından vacib addımlardır. Məhz bu kimi problemlər qiymətləndirmə bazarında neqativ halların ortaya çıxmasına, qeyri-peşəkar, sifarişli qiymətləndirmə rəylərinin ortaya çıxmasına gətirib çıxarır ki, nəticədə uduzan ölkə iqtisadiyyatı olur”.

Vüqar Orucun sözlərinə görə, dövlət satınalmaları zamanı şəffaflığın təmin olunması, tenderlər və kotirovka sorğularında vəzifəli şəxslərin maraqlı tərəf qismində çıxış etməsi qarşıda duran əsas problemlərdən biridir: “Şəffaflıq olmadığı təqdirdə biznes subyektləri əsas diqqəti müəyyən dairələrlə anlaşmağa, mövcud reallıqları nəzərə almağa yönəldir ki, bu da öz növbəsində qeyri-peşəkar şirkətlərin və qiymətləndiricilərin bazarda üstün mövqeyə keçməsini şərtləndirir. Hesab edirəm ki, KOBİA və digər dövlət qurumları ilə birlikdə təlimlərin keçirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq, milli qiymətləndirmə standartlarının hazırlanması və yayılması istiqamətində səylərin artırılması qarşıda duran əsas hədəflərdən biri olmalıdır”, - deyə AQC sədri vurğulayıb.







RƏNG SEÇİN