Azərbaycan qiymətləndiriciləri Ankara Universiteti ilə...
Azərbaycan qiymətləndiriciləri Ankara Universiteti ilə əməkdaşlıq edəcək.
Türkiyənin Ankara Universiteti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə edilib.
İmzalanma mərasimi noyabr ayında Türkiyənin paytaxtında keçiriləcək Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı çərçivəsində baş tutacaq.
Bakıda səfərdə olan Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədr müavini, professor Harun Tanrıvermiş və Türkiyənin tanınmış inşaat mühəndisi, professor Mustafa Tombul AQC-nin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Orucla görüşüblər.
Professor Harun Tanrıvermiş, türk dövlətləri qiymətləndiriciləri arasında yüksək əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib.
V.Oruc Azərbaycan və Türkiyə, habelə türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini söyləyib. AQC sədri bildirib ki, qurumun noyabr ayında Ankarada keçiriləcək toplantısında vacib qərarların qəbulu nəzərdə tutulur.
Bakıdakı universitetlərdən birində əmlak və qiymətləndirmə mütəxəssislərinin ixtisaslaşacağı fakültənin təsis olunmasının zəruriliyindən bəhs edən V.Oruc bu istiqamətdə ali təhsil müəssisələri ilə danışıqlar aparıldığını qonaqların diqqətinə çatdırıb. Görüş əsnasında Ankara Universitetinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Təlim, tədris və sertifikatlaşdırma Departamenti ilə birlikdə onlayn və canlı kursların təşkil etməsi barədə razılıq əldə olunub.