Türk dövlətlərinin vahid daşınmaz əmlak portalı yaradıla bilər

Türk dövlətləri arasında daşınmaz əmlak bazarlarının inteqrasiyası və əməkdaşlığın gücləndirilməsi məqsədilə vahid daşınmaz əmlak portalının yaradılması təklif olunub.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, həmçinin Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, belə bir portalın yaradılması həm mütəxəssislər, həm də əmlak sahibləri üçün yeni imkanlar açacaq:
“Bu ideyanın reallaşması türk dövlətlərinin əmlak bazarlarının inteqrasiyası və biznes imkanlarının genişləndirilməsi baxımından mühüm bir addım olacaq. Portalda türk dövlətlərində satışa çıxarılan mənzil və obyektlər barədə məlumatlar yer alacaq ki, bu da vətəndaşlar və investorlar üçün faydalı olacaq.”

Vüqar Oruc qeyd edib ki, portal rieltor və qiymətləndirici mütəxəssislər üçün məhsuldar bir vasitəyə çevrilə bilər:
“Bu platforma bazar araşdırmaları aparmaq istəyənlər üçün mühüm mənbə olacaq. Türk dövlətlərində daşınmaz əmlak sahəsindəki qiymət dəyişikliklərini və tendensiyaları izləmək mümkün olacaq.”

Onun sözlərinə görə, bu gün sahibkarlar və vətəndaşlar digər türk dövlətlərindəki əmlak qiymətləri barədə məlumat almaqda çətinlik çəkirlər. Bu portal isə həmin boşluğu dolduracaq:
“Məsələn, bir sahibkar Daşkənddə, Bişkekdə və ya İstanbulda əmlak qiymətini öyrənmək istəyirsə, bu portal sayəsində məlumatlara asan şəkildə çıxış əldə edə biləcək. Bu, həm də investisiya qərarlarını asanlaşdıracaq və daha rasional seçim imkanı yaradacaq.”

Vüqar Oruc vurğulayıb ki, layihənin reallaşdırılması istiqamətində artıq ilkin addımların atılması planlaşdırılır və bu məqsədlə sponsorluq edə biləcək tərəfdaşlar axtarılır:
“Bu, yalnız Azərbaycanda deyil, bütün türk dünyasında rieltorlar və qiymətləndiricilər üçün mühüm layihə olacaq. Gələcəkdə portal bank sektorunu da əhatə edə bilər. Məsələn, bir türk dövlətində yaşayan şəxs digər bir türk dövlətindəki bankdan kredit almaq imkanı əldə edə bilər. Əmlakın girov predmeti kimi çıxış etməsi bu prosesdə mühüm rol oynaya bilər.”

Beləliklə, vahid daşınmaz əmlak portalı türk dövlətləri arasında iqtisadi əməkdaşlıq və investisiya mühitinin inkişafına töhfə verə bilər.







RƏNG SEÇİN