CAATS-ın Azərbaycanda qeydiyyatı türk birliyinin möhkəmlənməsinə töhfə verəcək
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Türk Dövlətlər Təşkilatında (TDT) 7 ənənəvi türk dövlətindən əlavə, Macarıstan da müşahidəçi qismində təmsil olunur. Onun sözlərinə görə, TDT-nin qeyri-rəsmi alt qurumu hesab oluna biləcək Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) da Macarıstan qiymətləndiricilərini öz sırasına qəbul etməlidir.
Vüqar Oruc əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə keçirilən TDT sammitində türk dünyasının yalnız dövlətlərdən ibarət olmadığını, həm də müxtəlif xalqlardan ibarət böyük bir mədəniyyət sahəsi olduğunu vurğulamışdı. Bu kontekstdə AQC sədri hesab edir ki, Rusiya Federasiyasındakı türk muxtar respublikalarının qiymətləndirmə birlikləri də CAATS-a cəlb olunmalıdır.
Vüqar Orucun fikrincə, bu təşəbbüsün Azərbaycanda gerçəkləşməsi türk birliyini prioritet elan etmiş dövlət siyasətinin davamlılığını bir daha nümayiş etdirəcək. O, hazırda Ədliyyə Nazirliyindən bu istiqamətdə müsbət qərar gözlədiklərini bildirib.
"Arzumuz odur ki, tarixdə CAATS-ın məhz ölkəmizdə qeydiyyata alınması faktı əks olunsun və biz bununla fəxr edə bilək", – deyə Vüqar Oruc qeyd edib.