Türk dövlətləri arasında qiymətləndirmə sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Türk dövlətləri arasında qiymətləndirmə sahəsində qarşılıqlı münasibətlərin inkişafı, sektorda əməkdaşlığın gücləndirilməsi və vahid peşəkar standartların tətbiqi böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, müxtəlif formatlı görüşlər türk dövlətləri arasında iqtisadi inteqrasiyanı sürətləndirir və bu istiqamətdə artıq bir sıra təşəbbüslər reallaşdırılıb. Vüqar Oruc qeyd edib ki, hazırda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) tərkibində 7 türk dövləti, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndirici fəaliyyət göstərir.
"Regionun digər dövlətləri — Rusiya, Belarus və Gürcüstan qiymətləndiriciləri də CAATS-ın fəaliyyətinə maraq göstərir. Həmçinin Gürcüstan və Tacikistan qiymətləndiriciləri Şuraya qoşulmaq niyyətlərini ifadə ediblər," – deyə Vüqar Oruc vurğulayıb.
Sədr əlavə edib ki, Azərbaycan, Özbəkistan və Qazaxıstanda fəaliyyət göstərən digər qiymətləndirici birliklər də quruma üzv olmağa maraq göstərirlər.
"Təvazökarlıqdan uzaq olsa da deyə bilərik ki, təşəbbüskarı olduğumuz layihə uğurla həyata keçirilib və qarşıdakı dövrdə daha da inkişaf edəcək," – deyə Vüqar Oruc bildirib.