“Bu platformanın sayəsində böyük bir güc yaranacaq…”
“Qlobal Cənub QHT Platformasının təsis edilməsi Azərbaycanda QHT-nin yeni dövrünün başlanmasına şərait yaradacaq. Artıq fəaliyyət istiqamətləri genişlənəcək, beynəlxalq əməkdaşlığın səviyyəsi yüksələcək və Azərbaycan dövləti tərəfindən QHT-lərin qarşısına qoyulan zəruri və strateji məsələlərin koordinasiyalı şəkildə həlli mümkün olacaq”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
V.Oruc hesab edir ki, Bakı Qlobal Cənub QHT Platformasının təsis olunması dünya QHT-nin əməkdaşlığı müstəvisində təqdirəlayiq hadisə olmaqla yanaşı, ölkəmizin qarşılaşdığı problemlərin ümumdünya çərçivəsində müzakirə edilməsi və aradan qaldırılmas üçün səylərin birləşdirilməsinə təkan verəcək. Onun sözlərinə görə, Qlobal Cənub Platforması Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən nəhəng bir tədbirdir və Qlobal Cənubda vətəndaş cəmiyyətinin əməkdaşlığını planlaşdırır:
“Bir çox ölkələrin üzləşdiyi ədalətsizlik, yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal problemlər, ticarət bərabərsizliyi və sair məsələlər Cənub Platformasında olan dövlətləri narahat edir. Bu məsələlər Platformanın sayəsində birgə səylərin yönləndirilməsi ilə aradan qaldırıla bilər”.
V.Oruc eyni zamanda qeyd edib ki, dövlətlərin idarə olunması, inkişafında QHT və Assosiasiyaların rolu böyükdür. Azərbaycan dövlətinin inkişaf trayektoriyası və strateji hədəfləri məhz QHT və Assosiasiyalarıın inkişafını zəruri edir. Bu istiqamətdə mövcud dövlət siyasətinə dəstək, habelə cəmiyyətin problemlərinin həllində fəal iştirakının təmin edilməsi, QHT-lərin aktiv fəaliyyəti ilə mümkündür. AQC sədrinin fikrincə, bu platformanın sayəsində böyük bir güc yaranacaq ki, bu da fəaliyyətin koordinasiyalı şəkildə sürdürməsinə imkan verəcək:
“Dünya əhalisinin 80 faizini özündə birləşdirən 116 QHT-nin Azərbaycanın təşəbbüsü ilə bir platformada birləşməsi qarşıda olduqca böyük imkanlar yaradır. Azərbaycanda QHT təcrübəsi bu prosesin nəticəsi olaraq daha da zəngilləşəcək. Bu vətəndaş cəmiyyətlərinin, ictimai təşkilatların assosiasiyaların birgə əldə etdiyi uğurudur. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə öz mövqelərini inkişaf etdirir. Bu da nəticədə dövlətin regionda və dünyada mövqelərinin daha da inkişaf etməsinə və təsir imkanlarının genişlənməsinə şərait yaradr. Bu, Prezident İlham Əliyevin yeritdiyi çoxvektorlu, institusional və ədalətə, demokratiyaya, insan haqlarına dayanan siyasətinin təzahürüdür”.