Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumunda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) də fəal iştirak edib. Forumda çıxış edən AQC sədri Vuqar Oruc cəmiyyətin universitetlərlə əməkdaşlığı və gənclərin iş dünyasına hazırlanmasında oynadığı rola diqqət çəkib.
Vuqar Oruc bildirib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti hər il UNEC-in 100-ə yaxın tələbəsini müxtəlif istiqamətlərdə təcrübəyə cəlb edir. Bu tələbələrin böyük əksəriyyəti təcrübə müddətində göstərdikləri uğurlu fəaliyyət nəticəsində cəmiyyətin üzv şirkətlərində daimi işə qəbul olunurlar. O, UNEC ilə AQC arasında qurulan bu səmərəli əməkdaşlığın gənclərin peşəkar bacarıqlarının inkişafına və onların real iş mühitinə adaptasiyasına əhəmiyyətli töhfə verdiyini qeyd edib.
AQC sədri forumun ali təhsil müəssisələri ilə işəgötürənlər arasında əlaqələrin daha da güclənməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, belə tədbirlərin tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına şərait yaratdığını bildirib. O, həmçinin UNEC tələbələrinin praktiki bacarıqlarının və peşəkarlıq səviyyəsinin yüksək olduğunu qeyd edərək, bu əməkdaşlığın qarşıdakı illərdə daha da genişləndirilməsinin planlaşdırıldığını açıqlayıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin bu təşəbbüsləri, həm gənc mütəxəssislərin inkişafına, həm də ölkədə qiymətləndirmə sahəsində peşəkar kadr potensialının formalaşmasına mühüm töhfə verir.