“Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji əməkdaşlığındakı mövqeyini möhkəmləndirir”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən beynəlxalq tədbirlərin ölkəmizin enerji siyasəti və beynəlxalq mövqeyi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Açıqlamasında o qeyd edib ki, bu tədbir Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqeyini gücləndirən strateji platformadır.

Onun sözlərinə görə, bu il 30-cu dəfə keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində baş tutan “Caspian Oil and Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” kimi tədbirlər Azərbaycanın qlobal enerji gündəmindəki rolunu daha da önə çıxarır:

“Tədbir çərçivəsində Avropa İttifaqı, Asiya, Yaxın Şərq və Amerika regionlarından olan hökumət nümayəndələri, transmilli enerji şirkətləri, investorlar və ekoloji təşəbbüskarların iştirakı Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu bir daha təsdiqləyir. Bu, ölkəmizin təkcə Xəzər regionunda deyil, qlobal enerji təhlükəsizliyində də önəmli rol oynadığını göstərir”.

Vüqar Oruc qeyd edib ki, “Bakı Enerji Həftəsi” enerji diplomatiyasının gücləndirilməsi və yeni əməkdaşlıqların qurulması baxımından da mühüm platformadır. Onun fikrincə, panel müzakirələri, ikitərəfli görüşlər və əməkdaşlıq protokolları Azərbaycanın enerji siyasətinə yeni imkanlar qazandırır:

“Azərbaycan həm ənənəvi enerji ixracatçısı kimi, həm də yaşıl enerji texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq əlaqələrini dərinləşdirir. Avropa üçün alternativ enerji marşrutlarının aktuallaşdığı bir zamanda Bakı strateji enerji tərəfdaşına çevrilməkdədir”.

İqtisadçı əlavə edib ki, “Caspian Power” sərgisi çərçivəsində yaşıl enerji texnologiyaları ilə bağlı müzakirələr Azərbaycanın enerji strategiyasının yalnız karbohidrogenlərə əsaslanmadığını göstərir. Günəş, külək və hidroenerji sahələrində planlaşdırılan layihələr Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığı hədəfinə sadiqliyini nümayiş etdirir.

“Tədbirin beynəlxalq səviyyədə böyük maraq doğurması Azərbaycanın enerji sektoruna yeni yatırımlar cəlb etməsi üçün əlverişli şərait yaradır. Bu, ölkənin enerji sektorunun rəqabət qabiliyyətini artırır və enerji siyasətinin açıq, tərəfdaşlığa əsaslanan və gələcəyə yönəlmiş olduğunu bir daha təsdiqləyir”, – deyə Vüqar Oruc bildirib.







RƏNG SEÇİN