Azərbaycan qiymətləndirmə sahəsində ciddi islahatlara ehtiyac duyulan mərhələdədir. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, ölkədə bu sahədə rast gəlinən əsas problemlərdən biri peşəkar kadr çatışmazlığıdır.
“Cənab Prezident dəfələrlə bildirib ki, ölkədə bütün iqtisadi və maliyyə əməliyyatları, o cümlədən qiymətləndirmə fəaliyyəti şəffaflıq və hesabatlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Bu istiqamətdə isə hələ çox iş görülməlidir”, – deyə Vüqar Oruc bildirib.
Qiymətləndirmə sektorunun qarşılaşdığı digər mühüm problem isə qanunverici bazanın tam təkmilləşməməsidir. 2023-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun tətbiqi ilə yanaşı, əlavə hüquqi və normativ sənədlərin də hazırlanmasına ehtiyac var.
Vüqar Oruc həmçinin qeyd edib ki, Azərbaycanda tətbiq olunan milli qiymətləndirmə standartları təxminən 15 il əvvəl qəbul olunub və bu günün reallıqları ilə uyğun gəlmir: “Ya bu standartlar yenilənməlidir, ya da beynəlxalq qiymətləndirmə standartlarına uyğun şəkildə yeni milli standartlar hazırlanmalıdır.”
O, ölkədə beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin təşkilinin də zəruri olduğunu bildirib. Qiymətləndirmə hesabatlarının keyfiyyətinin aşağı olması və qiymət dempinqi kimi hallar da sektorun effektivliyinə mənfi təsir göstərir.
“Bəzən ucuz qiymətə xidmət təklif edən şirkətlər seçilir, lakin bu zaman keyfiyyət arxa plana keçir. Buna görə də ölkədə qiymətləndirmə xidmətlərinin keyfiyyət ölçüləri müəyyən edilməlidir”, – deyə o əlavə edib.
Sektorun inkişafı üçün yerli şəraitə uyğun metodologiyanın hazırlanmasının vacibliyinə toxunan Vüqar Oruc bildirib ki, bu məqsədlə ali təhsil müəssisələri ilə qiymətləndiricilər arasında əməkdaşlıq gücləndirilməlidir.
Əlavə olaraq, o qeyd edib ki, qiymətləndiricilərin praktik fəaliyyəti zamanı da bir sıra texniki və hüquqi problemlər ortaya çıxır. Belə ki, bu sahə üzrə hələ də vergi orqanlarında fəaliyyət kodu müəyyənləşdirilməyib. Bundan başqa, ölkədə qiymətləndirmə üzrə ixtisaslaşmış fakültələrin olmaması kadr hazırlığında çətinliklər yaradır.
“Biz qiymətləndiriciləri digər ixtisas sahibləri arasından seçməyə məcbur qalırıq”, – deyə o, problemin miqyasına diqqət çəkib.
Vüqar Orucun fikirlərinə əsasən, qiymətləndirmə sahəsində strukturlaşdırılmış islahatlar və davamlı inkişaf üçün həm qanunvericilik, həm də təhsil və peşəkar hazırlıq sahəsində sistemli tədbirlər həyata keçirilməlidir.