Mövcud vəziyyət

Hazırda bütün dünyada koronavirus pandemiyası, karantin vəziyyəti və maliyyə böhranı hamını ehtiyyatlı olmağa vadar edib. O cümlədən, fərdlər, iş adamları, investorlar, müəssisələr və həmçinin dövlət qurumları ehtiyatlı qərarlar qəbul edirlər. Hazırkı durum gözlənilən olmadığından və proqnoza sığmayan bir dövrdə baş verdiyindən hamını çətin duruma salıb. Kiçik və mikrobiznes tam dayanıqsız vəziyyətdə, iri biznes qurumlarının bir çoxu isə fəaliyyətini tam və ya qismən dondurub.  Bu problem daşınmaz əmlak bazarından da yan keçməyib. Tikinti şirkətləri yarı gücünə işləyir, əmlakçılar evlərə çəkiliblər, qiymətləndiricilər gözləmə mövqeyindədirlər, banklar və sığortaçılar da vəziyyətdən çıxış yolları axtarmaqdadırlar.

Adətən ölkənin daşınmaz əmlak bazarında alıcılar əsasən investorlar və fərdlər olub ki, onlar da müxtəlif səbəblərdən bazarı tərk ediblər. Hazırda bazarda yaranmış vəziyyət investorları gözləmə mövqeyinə çəkilməyə sövq edib. Onlar əmlakı təmir edib yenidən satmaq, icarəyə vermək kimi problemlərlə üzləşdiklərindən bazardan hələlik çıxıblar. Digər qrup alıcılar isə gəlirlərin azalmasından, iş yerlərini itirəcəkləri qorxusundan bazara girməyə ehtiyat edirlər.

Tikinti şirkətlərinin də vəziyyəti heç də ürəkaçan deyil. İşçilərin davamiyyəti natamamdır, maliyyə resursları da məhdudlaşır. Bu baxımdan bir müddətdən sonra, bəlkə də, karantindən sonra tikinti ilə məşğul olan kiçik iş adamları əllərində olan natamam və satılması mümkün olan obyektləri dəyər-dəyməzinə satıb ya bazardan tam çıxmağa üstünlük verəcək və ya da maliyyə problemlərini müvəqqəti həll edərək layihələrini axıra çatdırmaq istəyində olacaqlar. Bununla da daşınmaz əmlak bazarına bu müddətdə investisiya axınının azalacağı proqnozlaşdırılır.

Ümumiyyətlə ötən müddət ərzində, pandemiya dövründə daşınmaz əmlak bazarında müxtəlif trendlər müşahidə edildi. Pandemiyanın ilk aylarında (yanvar və fevral aylarında), hələ bizim ölkədə pandemiyanın təsirləri hiss edilməyəndə, lakin neft birjalarında qiymət trendi azalan xətlə hərəkət edəndə, bir çox ehtiyyatlı insanlar əllərində olan manatın dəyərini saxlamaq üçün daşınmaz əmlak bazarına yatırdılar və o vaxt daşınmaz əmlaka qiymət trendi yuxarı hərəkət edirdi. Sonrakı aylarda isə trend mart ayında stabilləşsə də, aprel ayında isə qiymətlər tədricən aşağı hərəkət etməyə başlayıb. Yaranmış vəziyyət uzun müddətli olsa, digər ölkələrdə olduğu kimi, bizim də daşınmaz əmlak bazarı iştirakçılrı distant əqdlərə keçəcəklər.

Ehtimallar

Hazırkı durumda daşınmz əmlak bazarına proqnoz vermək üçün bir çox faktorları nəzərə almaq lazımdır, o cümlədən neft qiymətləri və bazara dövlət dəstəyini. Bir neçə variantın üzərində dayanmaq olar: böhran, orta, neqativ bazar.

I – hazırkı karantin yay aylarına qədər davam etsə, neft qiymətləri isə aşağı səviyyədə (25-30 $/barrel) qalsa, qiymətlərin əhəmiyyətli dərəcədə düşməsi (20-25%) qaçılmaz olacaq.

II – karantin may ayında bizim ölkədə və bir çox inkişaf etmiş ölkələrdə başa çatır, neft birjalarında qiymətlər büdcədə nəzərdə tutulan səviyyəyə yaxın olur və bohrandan zərər çəkmiş sahələrə əhəmiyyətli dövlət dəstəyi olursa, qiymətlər sabit qalır və ilin sonuna 5-6% artım ola bilər.

III – karantin qısamüddətli olur, nef qiymətləri aşağı olur, tikintiyə dövlət dəstəyi qismən göstərilir və ilkin bazarda qiymətlər nisbətən aşağı düşür (10% ətrafında) və ardınca müəyyən gecikmələrlə təkrar bazarda da qiymətlər eyni ssenari ilə hərəkət edir.

AQC sədri Nüsrət İbrahimov