Qiymətləndirmə peşəsi
Ünvan: Bakı ş., Yasamal rayonu, Şəfayət Mehdiyev küç., kvartal 559, B/17
Tel: (+99412) 5108665
E-mail: info@aqc.az

Xəritəyə bax

Azərbaycan Respublikasında qiymətləndirici fəaliyyətinə aid olan

qulluqcu vəzifələrinin “Vahid Tarif İxtisas Sorğu Kitabçası”nın (hissə 80)

təsdiq edilməsi haqqında

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

Mütəxəssislər, baş mütəxəssislər də daxil olmaqla

 

QİYMƏTLƏNDİRİCİ

 

Əmək funksiyası: qiymətləndirmə obyektinin (daşınmaz və daşınan əmlakın), fəaliyyət göstərən müəssisələrin (biznesin), qeyri-maddi obyektlərin və sair mülki-hüquqi obyektlərin bazar və ya digər dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə fəaliyyətini həyata keçirir. Öz fəaliyyətində yüksək mənəvi əxlaqi prinsiplərə (peşə etikasına) və qiymətləndirmə standartlarına ciddi riayət edir.

Qiymətləndirilən obyektin hüquqi mənsubiyyətini, onun əmlak bazarında likvid olmasını və dəyərinə təsir edən parametrlərini səciyyələndirən məlumatları ətraflı araşdırır. Qiymətləndirmə standartlarından istifadəni, qiymətləndirmənin aparılma metodunu və qiymətləndirmə zamanı standartla müqayisədə buraxılmış kənarlaşmanı əsaslandırır, zəruri hesablamalar aparır. Obyektin dəyərinə təsir edən əsas qiymətəmələgəlmə amillərini və qiymətləndirmənin aparılma metodunu müəyyən edir, analoji obyektin bazarını və dəyərini öyrənir. Qiymətləndiricilikdə nəzərdə tutulan hallarda dövlətə, ictimai və qeyri-hökumət təşkilatlarına və yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) məxsus olan obyektlərin məcburi qiymətləndirilməsini aparır. Qiymətləndirmədə iştirak etmək üçün müəyyən edilmiş qaydada digər qiymətləndiriciləri və yaxud başqa mütəxəssisləri dəvət edir.

Qiymətləndirmənin aparılması gedişində alınmış sənədlərin saxlanmasını təmin edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla qiymətləndirmə obyektinə aid olan məlumatların məxfiliyinə əməl edir. Qiymətləndirmə fəaliyyəti üçün zəruri olan informasiya bazası yaradır, bu istiqamətdə məlumatlar toplayır və sistemləşdirir.

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, ölkədə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar olan digər qanunların müddəalarını və normativ-hüquqi aktları; metodik materialları, qiymətləndirmə standartlarını, əmlak statistikasının əsaslarını qiymətləndirmə metod və üsullarını; yerli və xarici qiymətləndirmə təcrübəsini; sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat rabitə və digər maddi istehsal və xidmət sahələrində istehsalın təşkili və texnologiyasının əsaslarını; müəssisələrin təsərrüfat fəaliyyətinin və maliyyə göstəricilərinin təhlili üsullarını; təsərrüfat fəaliyyətinin mühasibat uçotunu; qiymətləri, qiymətlərin dəyişilməsi nisbətlərini; qiymətləndirmə üçün vacib olan əmlakla bağlı idarəetməyə və icarəyə verilmə, vergiyə cəlb etmə, girov qoyma qanunvericiliyi və normativ aktları; işgüzar ünsiyyət etikasını; hesablama texnikasından, rabitə və kommunikasiya vasitələrindən istifadə qaydalarını; təhlükəsizlik texnikası, əmək mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.

 

Milli  Qiymətləndirmə Standartları (2009)

  • Qiymətləndirici – qiymətləndirməni həyata keçirmək üçün müvafiq ixtisasa, bacarığa və təcrübəyə malik olan şəxsdir. Onun ixtisasını təsdiq edən sənəd müvafiq ali təhsil müəssisəsi tərəfindən verilən və qiymətləndirici ixtisasını təsdiq edən sənəd (diplom) və ya qiymətləndiricilərin peşəkar birliyi tərəfindən verilən sertifikatdır.

Qiymətləndirici:

  • sertifikat almaq üçün iqtisadiyyat, hüquq və ya texniki sahədə ali təhsilə malik olmalıdır;
  • bazarda müxtəlif kateqoriyalı aktivləri qiymətləndirmək üçün müvafiq səriştəyə malik olmalıdır;
  • düzgün qiymətləndirməni aparmaq üçün qiymətləndirmə metodlarını bilməli, onlardan düzgün istifadə etməyi bacarmalı, təhsilini mütəmadi təkmilləşdirməlidir;
  • Qiymətləndirmə sahəsi üzrə ixtisaslaşan və Milli Qiymətləndirmə Standartları əsasında fəaliyyət göstərən peşəkar birliyin üzvü olmalıdır;
  • bu Standartın tələblərinə riayət etməlidir;
  • istisnalara qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.

 

  • Daxili qiymətləndirici – burada qiymətləndirici aktivin sahibi olan müəssisənin işçisi və ya müəssisənin sənədlərinin uçotu və ya hesabatının hazırlanmasına cavabdeh olan mühasibat şöbəsidir. Daxili qiymətləndirici adətən Peşə Etika Məcəlləsində  göstərilən obyektivlik və müstəqilliyin bütün tələblərini təmin etməyə qabildir, lakin müəyyən tipli tapşırıqlarda ümumi təqdimetmə və tənzimlənmədən asılı olaraq heç də  həmişə müstəqil qiymətləndirici kimi qəbul edilmir.
  • Müstəqil qiymətləndirici – sifarişçi və ya onun daxili qiymətləndiriciləri ilə tərəfdaşlıq əlaqəsi olmayan qiymətləndiricidir.
  • Qiymətləndirməni Milli Qiymətləndirmə Standartlarına uyğun aparmağı öhdəsinə götürən bütün qiymətləndiricilər Peşə Etika Məcəlləsində göstərilən qərəzsizlik, peşəkar obyektivlik, məlumatların açılması tələblərinə cavab verməli və öhdələrinə götürdükləri tapşırıqlar üzrə müstəqillik tələbini ödəməlidirlər.

Qiymətləndirici vicdanlı və qərəzsiz olmaqla öz fəaliyyətini elə qurmalıdır ki, müştəriyə, cəmiyyətə, öz peşəsinə və qiymətləndirici imicinə zərər vurmasın.

4.1. Vicdanlılıq. [1]

  • Qiymətləndirici öz qulluq mövqeyindən sui-istifadəyə səbəb olacaq hərəkətlər etməməlidir.
  • Qiymətləndirici səhv, qeyri-dəqiq və ya qabaqcadan müəyyənləşmiş rəyə və təhlilə əsaslanan hesabatlar işləməməlidir.
  • Qiymətləndirici bu Standartın tələblərinə uyğun olmayan qiymətləndirmə xidməti göstərməməlidir.
  • Qiymətləndirici sifarişin qəbulu və onun tətbiqi zamanı Azərbaycan respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməli, müqavilə tələblərinə riayət etməlidir.
  • Qiymətləndirici özünün yiyələnmədiyi müvafiq ixtisası malik olmasına dair rəy yaradılmasına şüurlu şəkildə imkan verməməlidir.
  • Qiymətləndirici işi qəbul etmək imkanını yaratmaq üçün şüurlu şəkildə səhv, şişirdilmiş iddia və reklamdan istifadə etməməlidir.
  • Qiymətləndirici işdə iştirak edən və ya ona xidmət göstərən şəxslərin bu Standarta riayət etdiyinə təminat verməlidir.

 

 

X