Beynəlxalq qiymətləndirmə stanadartları haqqında standartlar Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə (İnternational Valuation Standarts Committee - İVSC) tərəfindən hazırlanır. Təşkilat 1981-ci ildə Kral İnstitutu (Böyük Britaniya) tərəfindən sertifikat verilmiş qiymətləndiricilərin təşəbbüsü ilə yaradılmışdır. Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə 50-dən çox ölkənin peşəkar qiymətləndiricilər birliklərini birləşdirir.
Komitənin başlıca vəzifələri mühasibat uçotu və digər maliyyə hesabatlarında istifadə üçün dürüst ifadə olunmuş standartların və praktiki tövsiyyələrin hazırlanması, onların ölkələrdə və milli təşkilatlarda yayılması, qəbul və tətbiq edilməsinə kömək göstərilməsindən ibarətdir. Komitənin fəaliyyət dairəsinə həmçinin ayrı-ayrı dövlətlərdən və təşkilatlardan daxil olmuş rəy və təkliflər əsasında standartlara düzəlişlər edilməsi, standartların şərhi, qruplaşdırılması və tətbiqi sahəsində meydana çıxan ziddiyyətli məqamların aşkar edilməsi ilə bağlı məsələlərin həlli də daxildir. Təşkilatın hazırladığı qiymətləndirmə standartları və normaları tövsiyyə xarakteri daşıyır və məhz buna görə də, onun qarşısında duran başlıca vəzifə müxtəlif ölkələrin milli qiymətləndirmə standartlarını əlaqələndirməkdən ibatətdir.

1 iyul 2000-ci ildə İVSC Beynəlxalq Qiymətləndirmə Standartlarının həcmcə əvvəlki standartlardan 2 dəfə böyük olan yeni redaksiyasını (BQS-2000), 26 iyun 2001-ci ildə isə həmin standartların müddəalarını daha da inkişaf etdirən və aydınlaşdıran, qiymətləndirmə xidmətləri sahəsində baş verən dəyişiklikləri nəzərə alan yeni redaksiyanı - BQS-2001 qəbul etmişdir. BQS-2001-ə əmlakın maliyyə hesabatlarının tərtibi məqsədilə qiymətləndirilməsi üzrə tövsiyələr də əlavə olmuşdur. Beynəlxalq Qiymətləndirmə Standartları qiymətləndirmənin ümumi anlayışlarını və prinsiplərini ifadə edən giriş hissəsindən, bazar dəyərinin müəyyənləşdirilməsinə həsr olunmuş I bölmədən və bazar dəyərindən fərqli qiymətləndirmə bazası kimi qəbul olunan digər dəyər növlərini əks etdirən II bölmədən ibarətdir.
BQS-2001-ə standartların tətbiq olunmasına dair 2 tövsiyə daxil edilmişdir. Birinci tövsiyyədə qiymətləndirmə standartlarından maliyyə hesabatlarının tərtibi üçün istifadə olunmasının xüsusiyyətləri, ikincidə isə, onlardan girov əsasında kredit verilməsi məqsədi üçün istifadənin xüsusiyyətləri nəzərdən keçirilir.
BQS-2001-ə daşınmaz əmlakın icarə hüquqlarının, maşın və avadanlığın, qeyri-maddi aktivlərin, biznesin qiymətləndirilməsi, habelə qiymətləndirmə zamanı ətraf mühitin zərərli maddələrlə çirkləndirilməsinin nəzərə alınması məsələlərinə dair 7 metodiki göstəriş də daxil edilmişdir.
Beynəlxalq Qiymətləndirmə Standartlarının şərhində inkişaf etməkdə olan əmlak bazarında qiymətləndirmənin aparılması xüsusiyyətləri, ictimai (dövlət) bölməsinin aktivlərinin qiymətləndirilməsinin fərqli cəhətləri, habelə aktivlərin Bank Nəzarəti üzrə Bazel Komitəsinin (Basel Committee of Banking Supervision) tələblərinə uyğun qiymətləndirilməsi məsələlərinə baxılır. Standart istifadə olunan anlayışların açıqlanması verilən lüğətlə təchiz edilmişdir.
?xml:namespace>