Layihə

 

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin və Azərbaycan Respublikası Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan Qiymətləndirici təşkilatların rəhbərlərinin dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə

BƏYANATI

 

Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və iqtisadiyyatımızın tərəqqisində dayanıqlığın təmin edilməsi istiqamətində göstərişləri əsasında aparılan işlərin nəticəsi olaraq, Qiymətləndiricilərin müstəqilliyinin möhkəmləndirilməsi, mikro, kiçik və orta ölçülü Qiymətləndirici təşkilatlarının möhkəmlənməsinə dəstək sahəsində müəyyən tədbirlər görülmüş, Qiymətləndirmə xidməti bazarında rəqabət şəraitinin inkişafı istiqamətində müəyyən addımlar atılmışdır.

 

Bununla belə bu sahədəki vəziyyət və mövcud problemlərin həlli zərurəti Qiymətləndirici təşkilatlar və  Qiymətləndirici ekspertlərdən də öz qüvvə, səy və bacarıqlarını səfərbər etməyi tələb edir.

 

Ölkəmizdə “Qiymətləndirmə Fəaliyyəti Haqqında” Qanunun qəbulu 1998-ci ilə təsadüf etsə də, qiymətləndirmə fəaliyyətinin başlaması və inkişafı 90-cı illərin əvvəllərinə təsadüf edir. Sözügedən qanunun qəbulundan sonra isə qiymətləndirmə fəaliyyəti iqtisadiyyatın bir sahəsi kimi daha sürətli inkişaf etməyə başlamış və bu proses bu gün də davam etməkdədir.  Hazırda daşınmaz əmlak bazarının aktiv iştirakçıları kimi və AQC-nin üzvü olan 30-dan artıq qiymətləndirmə şirkətində 200-ə qədər qiymətləndirici çalışır. Ümumilikdə ölkəmizdə fəaliyyət göstərən qiymətləndirmə sahəsində fəaliyyət göstərən şirkətlərin sayı 70-ə yaxın, bu qurumlarda çalışan əməkdaşların sayı isə 300-dən artıqdır. Bu şirkətlərdən təqribən 20-dən çoxu dövlət sektorunda fəaliyyət göstərən icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, ölkə iqtisadiyyatının inkişafına fəaliyyətləri ilə töhfə verirlər.

 

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi, ölkəni qiymətləndirmə sahəsində beynəlxalq səviyyədə təmsil edən yeganə təşkilatdır və Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQSŞ – İVSC) üzvüdür.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit İnkişaf Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti və bir sıra digər dövlət orqanlarının müvəkkili olan bu qurumlar bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi islahatların ayrılmaz hissəsidir. Azərbaycan Respublikası Mərkəzi Bankının tələbinə uyğun olaraq, ölkəmizin kommersiya bankları öz girov portfelini müstəqil qiymətləndirmə şirkətləri tərəfindən aparılan qiymətləndirmələr nəticəsində formalaşdırır.

 

2019-cu ilin sonunda yayılmış Covid-19 koronavirusu pandemiyası bütün dünyada böyük qeyri-müəyyənlik yaratmışdır. Bu pandemiyanın təzahürlərindən biri də bazarın dəyişkənliyidir. Mövcud vəziyyətdən çıxış edərək, AQC Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQSŞ – İVSC) üzvü kimi “Bazar pozuntusu şəraitində qiymətləndirmənin qeyri-müəyyənliyi” Qiymətləndirmə Təlimatını BQSS-in  tövsiyyələrinə uyğun qaydada qısa müddətdə hazırlamış və qiymətləndirici şirkətlərə fəaliyyətlərində nəzərə alınması üçün tövsiyə olaraq göndərmişdir. Bu dövr həm də qiymətləndirmə üçün yeni vəziyyət yaratmışdır. Belə ki, qiymətləndiricilər aktivləri qiymətləndirərkən kifayət qədər müqayisəli məlumatlara və sübutlara malik olmurlar. Eyni zamanda, bütün bazarlar qeyri-müəyyənliklə qarşılaşırlar.

Qiymətləndirmə sahəsində fəaliyyət göstərən mütəxəssislərin və muzdlu işçilərin öz iş yerlərini itirməməsi, həmçinin şirkətlərin öz fəaliyyətini davam etdirməsi üçün, onların öz peşəkar xidmətlərini yüksək standartların keyfiyyət tələblərinə uyğun olaraq yerinə yetirməsi tələb olunur.

Son dövrlərin təcrübəsi göstərir ki, qiymətləndirmə sahəsində fəaliyyət göstərən şirkətlərin bəziləri standartların keyfiyyət tələblərinə və etik davranış qaydalarına əməl etmir, haqsız rəqabətə yol verir, müxtəlif yollarla və qanunazidd əməlləri ilə xidmət bazarında inhisarçı mövqe  tutmağa çalışır, sifarişçilərin mənafeyini güdən əsassız hesabatlar hazırlayır, qulluq mövqeyindən sui-istifadə hallarına yol verir və beləliklə, nəinki peşəkar standartların tələblərinə riayət etmir, həm də bəzi hallarda ölkənin qanunlarını pozur. Beləliklə, keyfiyyətsiz hesabatlar, qeyri-obyektiv rəylər və digər neqativ hallar bank sisteminin və ölkənin maliyyə qurumlarının dayanıqlığına, məhkəmə sisteminin nüfuzuna zərər vurur, istehlakçıların hüquqlarını pozur, ictimai narazılıq yaradır, bu sahədə ölkənin beynəlxalq aləmdə nüfuzunu aşağı salır, hətta bəzi hallarda dövlət büdcəsinin və özəl investorların vəsaitlərinin dağıdılmasına gətirib çıxaran  hallara səbəb olur.   Belə hallara yol açan əsas vasitələrdən biri isə dempinq və haqsız rəqabətdir.

 

Eyni zamanda, haqsız rəqabət və dempinq, perspektivli yeni şirkətlərin bazara daxil olmasına və möhkəmlənməsinə, gənc mütəxəssislərin bu sahədə peşəkar fəaliyyətə cəlb olunmasına, qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsinə və qiymətləndirmə sahəsində beynəlxalq təcrübənin mənimsənilməsinə mane olur. Bundan başqa, əksər yerli sifarişçilər qiymətləndirmə xidmətləri bazarındakı dempinq və haqsız rəqabətdən faydalanaraq, süni surətdə xidmət haqqlarını aşağı salmağa nail olurlar. Bununla yanaşı, bəzi hallarda sifarişçilər idxal amilinin xidmətin inkişafına vurduğu (yaxud vura biləcəyi) zərəri nəzərdən qaçırır. Belə ki, sifrişçilər tərəfindən analoji xidmətlərə görə xarici şirkətlərə yerli qiymətləndiricilərdən 2-3 dəfə artıq xidmət haqqı verilir ki, bu, bir tərəfdən yerli rəqabət mühitinin pozulmasına, digər tərəfdən isə yerli şirkətlərin bu sahədə inkişafına mənfi təsir göstərir.

 

Qiymətləndirmə peşəsinin nüfuzuna xələl gətirən, bu sahəyə ictimai etimadı azaldan, qiymətləndiricilərın peşə etikası ilə bir araya gəlməyən hərəkətlərə yol verən, peşəkar mənəviyyat normalarını pozan, peşə sahibləri arasında mövcud olan qarşılıqlı hörmət ənənəsinə ziyan vuran bəzi həmkarlarımızla birgə mübarizə zərurətə çevrilmişdir. Yalnız belə olan halda biz ölkəmizdə Qiymətləndirici peşəsinin cəmiyyətdə nüfuzunun yüksəlməsinə, bu xidmətin daha da təkmilləşməsinə və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına qiymətləndirmə fəaliyyətindən gözlənilən dəstəyin göstərilməsinə və qarşıda duran vəzifələrin həllinə nail olan bilərik.

 

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Qiymətləndiricilər Cəmiyyətinin aşağıda imza edən üzvləri ölkədə xidmət göstərən bütün qiymətləndirmə şirkətlərini, fərdi və xarici ekspertləri, tərkibində bu xidmətlə məşqul bölmələri olan konsaltinq, audit və digər təşkilatları, eləcə də bu xidmətdən yararlanan qurumları fəaliyyətləri zamanı dempinq və haqsız rəqabətə gətirib çıxaran hətəkətlərə qətiyyətlə yol verilməməsinə çağrır, bu qanun pozuntularına qarşı mübrizə istiqamətində qarşılıqlı əməkdaşlıq haqqında Sazişinə qoşulduğumuzu bəyan edirik:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Qiymətləndiricilər Cəmiyyətinin üzvləri arasında dempinq və haqsız

 

rəqabətə qarşı mübrizə istiqamətində qarşılıqlı əməkdaşlıq haqqında

 

SAZİŞ

 

 

Bakı şəhəri                                                                                 “__” “______” 2020-ci il

 

Biz, aşağıda imza edən Qiymətləndirmə fəaliyyəti ilə məşqul olan təşkilatların rəhbərləri (bundan sonra tərəflər adlandırılacaq) ölkə ərazisində fəaliyyət göstərən iqtisadi qiymətləndirmə sahəsində xidmət zamanı dempinq və haqsız rəqabətə gətirib çıxaran hallara yol verilməməsində və bu hallara qarşı mübarizədə;

ölkəmizdə həyata keçirilən iqtisadi islahatların sürətləndirilməsində, şəffaflığın artırılmasında üzərimizə düşən vəzifələrin icrasında;

Qiymətləndirmə peşəsinin nüfuzunun yüksəldilməsi sahəsində davamlı mübarizənin aparılması məqsədilə fəal əlaqələr yaratmaqda,

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, Qiymətləndirmə xidmətini tənzimləyən digər normativ aktların müddəalarına, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzv olduğu beynəlxalq təşkilatların üzvlük öhdəliklərinin tələblərinə, dempinq və haqsız rəqabətlə mübarizə istiqamətində ölkə qanunvericiliyinin tələblərinə riayət etməkdə;

bu Sazişinin məqsədinin qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ümumi əməkdaşlığın qurulmasının qarşılıqlı niyyətə əsaslandığına inanaraq;

aşağıdakı razılığa gəlirik:

 

  1. Ümumi müddəalar

Bu Sazişi imzalamaqla tərəflərin hər biri maraqlarının Qiymətləndirmə xidməti üzrə birgə və əlaqəli əməkdaşlığa uyğun olduğunu təsdiq edirlər.

Tərəflər ortaq maraqları həyata keçirmək və birgə məqsədlərə nail olmaq niyətilə yuxarıda göstərilən sahədə birgə tədbirlər həyata keçirməyi öhdələrinə götürürlər.

Tərəflər Sazişin müdəalarına və şərtlərinə uyğun olaraq birgə tədbirlər həyata keçirirlər.

Tərəflər maraqların gerçəkləşdirilməsi və qarşıya qoyulmuş ümumi məqsədlərə nail olmaq prosesində öz münasibətlərini bərabərlik, dürüst və vicdanlı tərəfdaşlıq, “Qiymətləndiricilərin Etika Məcəlləsi”nin tələblərinə riayət etməklə, eyni zamanda bir-birinin maraqlarını müdafiə etməklə qurmağa borcludurlar.

Tərəflər ümumi məqsədlər naminə məlumat mübadiləsi aparır və zəruri hallarda birgə məsləhətləşmələr edirlər.

Tərəflər bu Sazişin şərtlərinə uyğun olaraq əməkdaşlıq prosesində bir-birindən kommersiya sirri hesab olunan məlumatlar aldıqları halda onların qorunması üçün lazımi tədbirləri görməyi öhdələrinə götürürlər.

 

Sazişin məqsədi

Bu Sazişin məqsədi Tərəflərin qarşılıqlı əməkdaşlığı ilə, Qiymətləndirmə xidməti bazarında şəffaflığın təmin edilməsinə nail olmaqdan, Qiymətləndiricilər üçün sağlam rəqabət əsasında fəaliyyət göstərilməsinə münbit şərait yaradılmasından, keyfiyyətsiz Qiymətləndirmə aparılmasının, dempinq və haqsız rəqabətə yol verilmə hallarının qarşısının alınmasından və bütövlükdə Qiymətləndirmə xidmətinin səviyyəsinin yüksəldilməsinə dəstək verilməsindən ibarətdir.

 

 

  1. Tərəflərin öhdəlikləri

3.1. Tərəflər qarşılıqlı münasibətlərini strateji əməkdaşlıq şərtləri daxilində qurur və özlərinin və Qiymətləndirmə xidməti göstərdikləri üçüncü şəxslərin qanunla müəyyən olunmuş qarşılıqlı maraqları nəzərə alınmaqla fəaliyyət göstərirlər.

3.2. Tərəflər qarşılıqlı olaraq üzərlərinə Qiymətləndirmə xidmətini tənzimləyən normativ aktların tələblərinə dəqiq və sözsüz riayət edəcəkləri, Qiymətləndirmə xidməti bazarında haqsız rəqabət hallarının yayılmasına yol verilməməsi ilə bağlı aşağıdakı öhdəlikləri götürürlər:

 

–  Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan və peşəkar standartlara, işgüzarlıq ənənələrinə, ədalətlilik və peşə etikasına uyğun gəlməyən;

– Qiymətləndirmənin nəticəsinin qeyri-peşəkar surətdə sifarişçinin tapşırığı ilə qabaqcadan razılaşma əsasında hesabata daxil etməyə,

– Qiymətləndirmə xidməti göstərilməsi üzrə sifarişlərin qanun pozuntusu yolu ilə əldə edilməsinə,

–  Digər Qiymətləndirici təşkilatlara zərər vuran və ya öz rəqiblərinin işgüzar reputasiyasına xələl gətirə bilən qərəzli hərəkətlərə,

o cümlədən :

– Qiymətləndirici təşkilatlar və onların təmsilçiləri tərəfindən digər Qiymətləndirici təşkilat barədə yalan, qeyri-dəqiq və ya təhrif olunmuş məlumatların yayılmasına;

– Xidmət göstərilən müştəriyə xidmətin xarakterinə, mahiyyətinə, keyfiyyətinə və həcminə dair səhv məlumatların verilməsinə;

– Qiymətləndirici təşkilatlar və onların nümayəndələrinin digər Qiymətləndirici təşkilatlar tərəfindən göstərilən xidmətlərlə qeyri-korrekt müqayisənin aparılmasına;

– Qiymətləndirici təşkilatlar tərəfindən digər hüquqi şəxsin intellektual mülkiyyətindən və fərdi məhsulundan icazəsiz istifadə etməklə xidmətin göstərilməsinin həyata keçirilməsinə;

– Qanunla qorunan kommersiya sirləri və digər məxfi məlumatların qeyri-qanuni əldə edilməsi, istifadəsi və yayılmasına;

– Qiymətləndirici təşkilat tərəfindən əsassız yüksək qiymət haqlarının tətbiq edilməsinə;

– Qiymətləndirici təşkilatı və sərbəst Qiymətləndirici tərəfindən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İB-nin müəyyən etdiyi minimum xidmət haqlarından əsassız aşağı xidmət haqlarının tətbiq edilməsinə yol verməmək.

 

  1. Tərəflərin hüquq və vəzifələri

Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, Qiymətləndirmə fəaliyyətini, dempinq və haqsız rəqabət hallarını tənzimləyən digər hüquqi aktlarla və bu Sazişin ilə müəyyən olunmuş hüquq və vəzifələrə malikdirlər.

 

  1. Məsuliyyət

Bütün Saziş iştirakçılarının təsdiq və tələb etdiyi hallarda, bu Sazişin pozulmasına görə, günahkar olduğu təsbit edilmiş Tərəf zərərçəkən Tərəfə  təzminat ödəyir və dəymiş bütün ziyanı tam həcmdə bərpa edir.

 

6.Müqavilədə nəzərdə tutulan məqsədlərin, vəzifələrin və hüquqların həyata keçirilməsi mexanizmi

6.1.  Müqavilədə nəzərdə tutulan məqsədlərin, vəzifələrin və hüquqların həyata keçirilməsi üçün AİS “SƏDD”məlumatlandırma sistemi yaradılır.

 

6.2. Məlumatlandırma sisteminin (AİS “SƏDD””) funksiyaları:

Qiymətləndirmə xidməti istifadəçilərinin (İstifadəçi) reyestrinin aparılması (VÖEN, ad, ünvan, sahə, mülkiyyət növləri üzrə məlumat bazası)

Qiymətləndirmə xidməti göstərən şirkətlərin (Qiymətləndirici) reyestrinin aparılması (VÖEN, ad, ünvan, sertifikat üzrə məlumat bazası)

Qiymətləndirmə xidməti istifadəçiləri ilə bağlanmış müqavilələrin və onların yerinə yetirilməsinin nəticələrinin onlayn qeydiyyatı Qiymətləndirmə xidməti göstərən şirkətlərın təşəbbüsü ilə niyyət məktublarının göndərilməsi

Qiymətləndirmə xidməti istifadəçilərinin təşəbbüsü ilə satınalma prosedurunun keçirilməsi (təkliflərin qəbulu və qərarın qeydiyyatı)

Qiymətləndirmə xidməti üçün müəyyən edilmiş minimal tariflər;

Digər təşkilatların və Dövlət satınalma qurumlarının keçirdiyi tenderlərin nəticələrinin təhlili və müvafiq təqdimatlar;

Qiymətləndirmə xidməti istifadəçilərin məlumatlarının təhlili əsasında dempinq hallarının müəyyən edilməsi

Potensial dempinq və haqsız rəqabət hallarının gözlənildiyi tender, təkliflər sorğusu, kotirovka və birbaşa danışıqlar haqqında məlumatlandırma və qabaqlayıcı tədbirlər mexanizmi;

Analitik sorğular əsasında təhlillərin aparılması.

Qara siyahı və hazırki Müqavilə üzrə müəyyən edilmiş cəza tədbirləri.

6.3. Hazırki Müqavilənin bütün tərəfləri AİS-ə giriş hüququ əldə edirlər.

6.4. Hazırki Müqavilənin bütün tərəflərinin müraciətləri əsasında keçirilmiş satınalma prosedurları üzrə imzaladığı müqavilələrin və hazırlanmış hesabatların AİS-də qeydiyyatı məcburi olmalıdır.

6.5. Qiymətləndiricilər obyektiv müqavilə məbləği göstərməyi və dempinq hallarına yol verməməyi öz öhdələrinə götürür və aşkar edilmiş dempinq hallarına görə hazırki müqavilənin 5-ci maddəsində müəyyən edilmiş cəzaların hüquqi qüvvəsini qəbul edir.

6.7. Qiymətləndirmə xidmətiİstifadəçiləri də qeydiyyatdan keçməklə AİS-dən istifadə edəcəklər.

6.8. AİS-in yaradılması ilə əlaqədar xərclər Qiymətləndiricilər Cəmiyyəti, müqavilə iştirakçıları və kənar investorların vəsaiti hesabına ödənilir. AİS istismara veriləndən sonra onun istismarı ilə əlaqədar  xərclər imzalanan müqavilələrin dəyərinin __ % miqdarında müəyyən edilir.

6.9. İlkin dövrdə AİS-in funksiyaları qismən reallaşdırıla bilər.

6.10. AİS “SƏDD” məlumatlandırma sisteminin yaradılması və onun fəaliyyət mexanizminin hazırlanması AQC İdarə Heyətinə həvalə edilir.

6.11. AQC İdarə Heyəti dempinq və haqsız rəqabət hallarının qarşısının alınması üçün müvafiq dövlət təşkilatları, ictimai və işgüzar qurumlarla müzakirələr aparır və hazırki Müqavilənin məqsədlərini və onun tərəflərinin maraqlarını müvafiq satınalmalar prosedurlarında ekspert qismində təmsil edir .

6.12. AQC İdarə Heyəti AİS “SƏDD” məlumatlandırma sisteminin və onun fəaliyyət mexanizminin nəzərdə tutduğu tədbirlərin tətbiqini özündə saxlaya və ya müvafiq xidmət haqqı əsasında fəaliyyət göstərən Dempinq və Haqsız Rəqabətlə Mübarizə Müfəttişliyi (DHRM) yaradaraq ona həvalə edə bilər.

6.13. AQC İdarə Heyəti AİS “SƏDD” məlumatlandırma sisteminin və onun fəaliyyət mexanizminin nəzərdə tutduğu tədbirlərin tətbiqi üzrə öhdəliklər müqavilə bağlandığı gündən sonrakı dövr üçün tətbiq oluna bilər.

 

  1. Mübahisələrin həlli

Bütün fikir ayrılıqları və bu Sazişin icrası ilə əlaqədar Tərəflər arasında yarana biləcək mübahisələr, danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

  1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası

 

8.1. Bu müqavilənin dəyişdirilməsinə tərəflərin qarşılıqlı razılığı əsasında yol verilir.

8.2. Bu müqavilədən birtərəfli qaydada çıxmaq ən azı onun pozulma vaxtına 90 gün qalmış əsaslandırılmış yazılı bildiriş göndərilməsi yolu ilə tərəflərdən birinin təşəbbüsü ilə baş verə bilər.

8.3. Bu müqaviləyə dəyişikliklər tərəflərin iştirakı ilə sadə səs çoxluğu ilə həyata keçirilir.

8.4. Müqavilənin ləğv edilməsi aşağıdakı hallarda baş verə bilər:

– bütün tərəflərin razılığı ilə;

– qanunla müəyyən edilmiş hallarda;

– müqavilənin bütün tərəfləri eyni məqsədli digər müqaviləyə və ya Sazişə qoşulduqda.

 

9.Mübahisələrin həlli qaydası

 

9.1. Bütün fikir ayrılıqları və bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yarana biləcək mübahisələr, danışıqlar yolu ilə həll edilir

9.2. Əgər Tərəflər danışıqlar nəticəsində yaranmış fikir ayrılıqları ilə bağlı qarşılıqlı razılığı gələ bilmədikdə, eləcə də Tərəflərdən biri  danışıqların aparılmasından yayınarsa, onda mübahisə Qiymətləndiricilər Cəmiyyətində, burada da həll edilə bilmədikdə  qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.

 

  1. Müqavilə

 

  1. 1. Müqavilə müddətsiz olaraq bağlanır və tərəflərin imzaladığı gündən qüvvəyə minir.

10.2.  Bu saziş.. nüsxədə hazırlanmış tərəflərə və saziş üzrə öhdəliklərin icrasına nəzarət və saziş iştirakçıları tərəfindən pozuntulara yol verilidiyi halda qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməsi üçün nəzarəti həyata keçirəcək Qiymətləndiricilər Cəmiyyətinə təqdim edilir.

 

  1. Yekun müddəalar

 

11.1.Tərəflər təsdiq edir ki, gələcəkdə bu müqavilənin hər hansı əhəmiyyətli bir bəndinə dair müvafiq razılaşmanın əldə olunmamasını əsas gətirərək müqaviləni etibarsız və ya bağlanmamış hesab etməyəcəklər.

11.2.Tərəflər təsqiq edir ki, müqavilənin hər hansı maddəsi gələcəkdə qanuna zidd hesab edilərsə, onda həmin maddəni etibarsız hesab edəcəklər və ya həmin maddəyə müvafiq dəyişikliklər etməklə onun qanuna müvafiqliyinə nail olmaqla bu müqavilənin tam həcmdə qüvvədə saxlayacaqlar.

11.3 Müqavilənin tənzimləmədiyi butun hüququ münasibətlər mövcud qanunvericilik normaları ilə reglamentləşdirilir.

11.4.Tərəflər bir birlərinə bu müqavilənin şərtlərinin və mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədi ilə özlərinin fərdi məlumatlarını təqdim edir, onların istifadə edilməsinə, işlənilməsinə və yayılmasına icazə verirlər.

11.5. Ücüncü şəxslərə fərdi məlumatlar yalnız mövcud qanunvericiliyə müvafiq olaraq təqdim edilə bilər.

11.6 Tərəflər təsdiq edirlər ki, bu müqavilənin imzalanması zamanı onlar fərdi məlumatların mülkiyyətçisi və onun hüquqları, tərkibi, məzmunu, habelə bu məlumatların verildiyi şəxslər barədə məlumatlandırılmışdılar.

11.7.Tərəflər qarşılıqlı münasibətlərini strateji əməkdaşlıq şərtləri daxilində qurur və özlərinin və Qiymətləndirmə xidməti göstərdikləri üçüncü şəxslərin qanunla müəyyən olunmuş qarşılıqlı maraqları nəzərə alınmaqla fəaliyyət göstərirlər.

 

 

TƏRƏFLƏRİN İMZALARI: