Vüqar Oruc: “Gənc qiymətləndiricilərin hazırlanması üçün genişmiqyaslı təşəbbüslər həyata keçirilir”

Azərbaycanda qiymətləndirmə sahəsində gənc kadrların yetişdirilməsi və onların peşəkar bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Avrasiya Universiteti ilə imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində hər il yüzlərlə tələbə Cəmiyyətin üzvü olan qiymətləndirmə şirkətlərində təcrübə proqramı keçir. “Bu təcrübələr zamanı tələbələr peşəkar səviyyədə qiymətləndirmə fəaliyyətinin əsas prinsipləri və sirləri ilə tanış olurlar”, – deyə Vüqar Oruc bildirib.

Vüqar Orucun sözlərinə görə, gənc qiymətləndiricilərin nəzəri və praktiki biliklərini artırmaq məqsədilə Cəmiyyətin nəzdində elmi-metodoloji şura yaradılıb. Bu şuraya müxtəlif nüfuzlu universitetlərin professor-müəllim heyəti və qiymətləndirmə sahəsində ixtisaslaşmış mütəxəssislər cəlb olunub. Şura mütəmadi olaraq ixtisasartırma kursları təşkil edəcək və eyni zamanda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin elmi jurnalını nəşr edəcək.

“Bundan başqa, bir sıra xarici ölkələrin qiymətləndirmə təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalanıb. Həmin ölkələrdə gənc qiymətləndiricilərin təcrübə keçməsi və biliklərini artırması üçün imkanlar yaradılması planlaşdırılır. Bu istiqamətdə sponsor dəstəyi cəlb edilməsi üzərində də iş aparılır”, – deyə Vüqar Oruc qeyd edib.

O bildirib ki, gənc mütəxəssislərin xüsusilə Rusiya, Belarus, Türkiyə və Orta Asiya ölkələrində kurslar keçməsi onların beynəlxalq təcrübə qazanması baxımından vacibdir. Eyni zamanda bu ölkələrdən olan ekspertlər də Azərbaycanda təcrübə və bilik mübadiləsində iştirak etmək niyyətindədir.

Vüqar Oruc hesab edir ki, həyata keçirilən bu təşəbbüslər gənc qiymətləndirici mütəxəssislərin hazırlanması və onların peşəkar səviyyədə yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir.







RƏNG SEÇİN