Vüqar Oruc: “Qiymətləndirmə sahəsində rəqəmsal texnologiyaların tətbiqi genişlənir”
Qiymətləndirmə sahəsində rəqəmsal texnologiyaların tətbiqi getdikcə genişlənir və bu istiqamətdə artıq bir sıra real layihələr həyata keçirilib. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, bu sahədə Paşa Bankla əməkdaşlıq çərçivəsində hesabatların elektron formatda təqdim olunması təmin edilib:
“Bu layihə kağız sənədlərdən istifadənin aradan qaldırılmasına və qiymətləndirmə prosesinin həm sürətlənməsinə, həm də texnoloji baxımdan daha əlverişli olmasına səbəb oldu. Rəqəmsallaşmanı dəstəkləyən bu təcrübədən bütün iştirakçılar məmnun qaldı və hazırda digər banklar da bu modeldən yararlanmağa başlayıblar.”
Vüqar Oruc bildirib ki, rəqəmsal texnologiyaların tətbiq sahələrindən biri də data əsaslı qiymətləndirmə prosesləridir. Onun sözlərinə görə, qərarların daha obyektiv və dəqiq verilməsi üçün etibarlı məlumat bazalarına əsaslanmaq olduqca vacibdir:
“Daşınmaz əmlak bazarının təhlili və informasiya bazalarının formalaşdırılması məhz bu datalar üzərində qurulmalıdır. Müasir texnologiyalardan istifadə mütəxəssisə lazım olan informasiyaların rəqəmsal bazalar üzərindən toplanmasına və daha dəqiq təhlil aparılmasına imkan yaradır.”
Qiymətləndiricilər Cəmiyyətinin sədri qeyd edib ki, hesabatların tərtibatında rəqəmsal texnologiyalardan istifadə, bu sahənin 21-ci əsrin tələblərinə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
“Artıq sadə kalkulyatorlarla və ya primitiv üsullarla aparılan hesablamalar real bazar vəziyyətini tam əks etdirmir. Dəqiq məlumatlara əsaslanan təhlillər isə həm daha doğru nəticələrin əldə olunmasına, həm də obyektiv qərarların verilməsinə səbəb olur.”