Qiymətləndirmə proseslərində süni intellektin rolu artır

Süni intellektin müxtəlif sahələrdə tətbiqi sürətlə genişlənməkdədir. Bu texnologiyanın ən çox diqqət çəkən istifadələrindən biri də qiymətləndirmə sahəsində müşahidə olunur. Süni intellektin tətbiqi qiymətləndirmə proseslərində dəqiqliyi və obyektivliyi əhəmiyyətli dərəcədə artırır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, süni intellekt və avtomatlaşdırılmış qiymətləndirmə sistemləri bu sahədə əsaslı dəyişikliklərə səbəb olmaqdadır. Onun sözlərinə görə, ənənəvi qiymətləndirmə üsullarında qərarlar əsasən şəxsi təcrübəyə və məhdud məlumatlara əsaslanırdısa, bu gün geniş verilənlər bazaları, peyk görüntüləri və vizual alqoritmlər vasitəsilə daha dəqiq analizlər aparmaq mümkündür.

“Süni intellekt qiymətləndirici mütəxəssisin rolunu dəyişir. Artıq qiymətləndirici yalnız sahəyə baxış keçirən şəxs deyil, süni intellektin təqdim etdiyi analizlərə əsaslanan qərarverici mütəxəssisə çevrilir. Bu da qiymətləndirmənin obyektivliyini və dəqiqliyini artırır”, – deyə Vüqar Oruc vurğulayıb.

O qeyd edib ki, bu texnologiyalar vasitəsilə obyektin yerləşdiyi ərazidəki iqtisadi və sosial faktorlar, alternativ təkliflər, infrastruktur və digər vacib göstəricilər nəzərə alınaraq daha informativ nəticələr əldə edilir. Bu isə qiymətləndirmə sahəsində insan faktorundan doğan subyektivliyin azalmasına səbəb olur.

AQC sədrinin fikrincə, süni intellektin tətbiqi təkcə daşınmaz əmlakın qiymətləndirilməsində deyil, ümumilikdə ölkənin iqtisadi siyasətində də mühüm rol oynayacaq: “Qiymətləndirmə nəticələri vergi siyasətindən tutmuş investisiya mühitinin formalaşmasına qədər bir çox sahəyə təsir göstərir. Bu baxımdan süni intellektin gətirdiyi dəqiqlik və şəffaflıq olduqca vacibdir”.

Vüqar Oruc sonda əlavə edib ki, yaxın illərdə avtomatlaşdırılmış qiymətləndirmə sistemlərinin geniş tətbiqi nəticəsində bu sahədə köklü dəyişikliklərin baş verəcəyi gözlənilir.







RƏNG SEÇİN