Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın diplomatik qələbəsidir və iqtisadi imkanlar yaradır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünü Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirib. O bildirib ki, bu sammit ölkənin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasında mühüm rol oynayır.

Ekspertin sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, bu miqyaslı beynəlxalq tədbirə ev sahibliyi edir. Bu isə ölkənin qlobal səviyyədə strateji aktora çevrildiyini sübut edir. “Qarabağın beynəlxalq əməkdaşlıq məkanı kimi təqdim olunması və Xankəndidə belə mötəbər tədbirin keçirilməsi bölgənin imicinə və iqtisadi inkişafına mühüm töhfə verir”, – deyə Vüqar Oruc qeyd edib.

Zirvə görüşündə regional ticarət, enerji, nəqliyyat, iqlim və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunacağını vurğulayan iqtisadçı, Xəzər İqlim Bəyannaməsi, karbon ticarəti və "yaşıl enerji zonası" kimi təşəbbüslərin də gündəlikdə olduğunu bildirib. Onun fikrincə, bu təşəbbüslər Qarabağda investisiya axınının stimullaşdırılmasına, turizm və məşğulluq potensialının artırılmasına şərait yaradacaq.

Vüqar Oruc həmçinin Rusiyada azərbaycanlı miqrantlara qarşı artan təzyiqlərə də münasibət bildirib. Onun sözlərinə görə, Rusiyada qeyri-dost münasibət ilk növbədə bu ölkənin öz maraqlarına ziddir. “Rusiya iqtisadiyyatı Qərbin sanksiyaları səbəbindən zəifləyib, texnologiya çatışmazlığı, idxal-ixrac məhdudiyyətləri və beyin axını ilə qarşı-qarşıyadır. Əmək bazarındakı böhranı miqrantların hesabına yumşaltmağa çalışan Rusiya üçün azərbaycanlılara qarşı düşmən münasibət strateji səhv ola bilər”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, rəsmi Moskva daxildə ifrat qrupları zərərsizləşdirməli və Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinməlidir.







RƏNG SEÇİN