Azərbaycanda qiymətləndirmə xidmətləri inkişaf etməkdədir

Azərbaycanda qiymətləndirmə xidmətləri sektoru inkişaf mərhələsindədir və bu sahədə mühüm islahatlar həyata keçirilir. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, hazırda dövlət qurumları ilə qiymətləndirmə şirkətləri arasında əməkdaşlıq mütəmadi olaraq genişlənir. Bu əməkdaşlıq əsasən AQC və Qiymətləndiricilər Palatası vasitəsilə həyata keçirilir. Dövlət orqanları qiymətləndirmə xidmətlərini tender və sifarişlər yolu ilə akkreditə olunmuş və tövsiyə edilən şirkətlərdən alır.

“Qiymətləndirmə prosesində şəffaflıq və peşəkarlığın artırılması məqsədilə vahid meyarlar əsasında nəzarət mexanizmləri təkmilləşdirilir”, – deyə Vüqar Oruc bildirib.

AQC sədri qeyd edib ki, son illər regionlarda da qiymətləndirmə xidmətlərinə olan tələbat artıb. Lakin Bakıya nisbətən bölgələrdə xidmətin keyfiyyəti və əlçatanlığı zəif qalır. Bəzi rayon və şəhərlərdə qiymətləndirmə şirkətləri fəaliyyət göstərsə də, peşəkar kadr çatışmazlığı və texniki infrastrukturun yetərsizliyi xidmətlərin səviyyəsinə təsir edir.

Bu çətinliklərin aradan qaldırılması üçün AQC regionlarda mütəmadi təlimlər təşkil edir, peşəkar imtahanların keçirilməsini planlaşdırır və yeni filialların açılmasını təşviq edir.

Eyni zamanda, ölkədə qiymətləndirmə standartlarının dövri olaraq yenilənməsi prosesi də davam edir. Azərbaycan beynəlxalq qiymətləndirmə standartları təşkilatına üzv ölkə kimi IVS (International Valuation Standards) üzrə edilən dəyişiklikləri tətbiq etməyə çalışır. Standartların yenilənməsi AQC və Qiymətləndiricilər Palatası tərəfindən ekspert rəyləri əsasında həyata keçirilir.

“Əsas məqsəd müasir iqtisadi və texnoloji tələblərə cavab verən qiymətləndirmə metodologiyasının formalaşdırılmasıdır”, – deyə Vüqar Oruc əlavə edib.

O vurğulayıb ki, hüquqi bazanın gücləndirilməsi və regional imkanların artırılması sahəsində atılan addımlar yaxın illərdə qiymətləndirmə xidmətlərinin daha peşəkar və əlçatan olmasına zəmin yaradacaq.







RƏNG SEÇİN