Vüqar Oruc: “Beynəlxalq əməkdaşlıq sahənin inkişafına töhfə verir”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) regionda və beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir. Cəmiyyət uzun illərdir Rusiya, Belarus və Gürcüstan qiymətləndirici təşkilatları ilə səmərəli əməkdaşlıq münasibətləri qurub.
AQC-nin sədri Vüqar Oruc bildirib ki, hazırda Cəmiyyət Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına sədrlik edir. Onun sözlərinə görə, bu strukturda rəhbərlik rotasiya prinsipi əsasında həyata keçirilir və növbəti mərhələdə sədrlik Türkiyənin qiymətləndiricilər birliyinə keçəcək.
“Bundan əlavə, biz Orta Asiya ölkələrinin qiymətləndirici qurumları ilə də sıx əməkdaşlıq edirik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) fəal üzvü kimi həmin qurumun toplantılarında mütəmadi iştirak edir və bu sahədə baş verən yeniliklərin ölkəmizdə tətbiqi istiqamətində işlər görürük”, – deyə Vüqar Oruc qeyd edib.
Sədrin sözlərinə görə, bu məqsədlə yeni bir qurum da təsis olunub və Cəmiyyət nəzdində Elmi-Metodiki Şura yaradılıb. Həmin Şurada Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Avrasiya Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri təmsil olunur.
“Bu Şura vasitəsilə beynəlxalq qiymətləndirmə standartlarının Azərbaycanda tətbiqinə dəstək veriləcək, həmçinin sahənin inkişafı üçün elmi və metodoloji fəaliyyət gücləndiriləcək,” – deyə Vüqar Oruc əlavə edib.
AQC rəhbəri bildirib ki, yaxın zamanlarda Cəmiyyətin nümayəndələri bir sıra beynəlxalq konfranslarda iştirak etməyi planlaşdırır. Bu tədbirlər çərçivəsində yeni əməkdaşlıqların qurulması, digər ölkələrin təcrübəsinin öyrənilməsi və təhsil müəssisələri ilə birgə fəaliyyət əsas prioritetlər sırasında olacaq.
“Azərbaycan üçün qiymətləndirmə sahəsində beynəlxalq əlaqələrin genişlənməsi prioritet məsələdir. Bu əlaqələrin güclənməsi ölkəmizdə qiymətləndirmə sektorunun inkişafına birbaşa töhfə verir,” – deyə Vüqar Oruc vurğulayıb.