Tender saxtakarlığı: Bizə dedilər ki, proses yekunlaşıb...

Tender saxtakarlığı: Bizə dedilər ki, proses yekunlaşıb, qalib müəyyənləşib - MÜSAHİBƏ

Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabat"a əsasən, ötən il Azərbaycanda ümumilikdə 12 102 sayda satınalma tətbiq edilməklə 6 779,2 milyon manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanılıb. Lakin uzun müddətdir ki, Azərbaycanda keçirilən, dövlət qurumlarının elan etdiyi tender layihələri ilə bağlı ciddi narazılıq hökm sürür. İddialara görə, bəzi dövlət qurumlarının elan etdiyi tenderlər tanış şirkətlər vasitəsilə istədikləri istiqamətə yönəldilir. Ona görə də bəzi hallarda icra olunan layihələrin keyfiyyəti böyük sual altında qalır.

Dövlət satınalma və tender prosesindəki vəziyyətlə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc İqtisadiyyat.az-a müsahibə verib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Vüqar bəy, satınalma prosesi necə aparılır?

- Qanunvericiliyə uyğun olaraq dövlət müəssisələri müəyyən qərar qəbul edirlər ki, aktivlərində olan hər hansısa əmlakı, əsas vəsaiti qiymətləndirsinlər. Əgər əmlak satışa çıxarılarsa, bazar dəyərini müəyyən edirlər. Ona görə də "Dövlət satınalmaları haqqında" qanuna əsasən elan verilir. Elandan sonra iştirakçılar üçün müəyyən şərtlər toplusu hazırlanır və ayrı-ayrı şirkətlər satınalma prosesinə qoşulurlar. Şirkətin müraciəti dəyərləndirilir və şərtlər toplusuna uyğun olarsa, bu halda iştirakçı kimi qeydə alınır. Daha sonra şirkətin təklifləri qəbul olunur. Təklif qəbul olunduqda müvafiq qiymətlərə uyğun xidmətlər təklif edilir. Tender və ya satınalma komissiyası qanuna müvafiq olaraq şirkəti qalib elan edir. Daha sonra müqavilə bağlanır və ödəniş edilir. Ödənişə uyğun olaraq xidmət göstərilir. Bu, satınalma prosesinin qanuni tərəfidir. 

- Satınalma hansı halda baş tutmaya bilər? 

- Əgər tenderdə müvafiq şərtlər toplusuna uyğun müraciətlər olmursa, iştirakçı sayı nəzərdə tutulan qədər olmursa, ən azı 3 qurum və ya şirkət müraciət etmirsə, sənədlərin təqdim olunması prosesində müvafiq say kateqoriyasına uyğunluq yoxdursa və ya prosesin özündə hansısa qanundan kənar hadisə baş verərsə, bu halda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və ya digər qurumların müvafiq qərarı ilə proses dayandırılır. 

- Tenderdə iştirak etmək üçün iştirakçı ödəniş edir. Əgər tender baş tutmazsa, növbəti dəfə yenidən ödəniş edilməsi nə dərəcədə doğrudur? 

- Tenderdə iştirak üçün ödənişin edilməsi qanunvericiliklə tənzimlənir. Əgər iştirak təmin olunmursa və şirkət iştirakçı kimi qeydə alınmırsa, bu halda ödəniş geri qaytarılır. Əgər proses sona qədər aparılırsa, iştirakçı tərəf uduzduğu halda ödəniş geri qaytarılmır. Bu, qanunla tənzimlənir. 

- Son zamanlar dövlət satınalmaları prosesi ilə bağlı xoşagəlməz fikirlər səslənir. Belə ki, bir çox şirkətlər tender məsələsində şəffaflığın təmin olunmadığını qeyd edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Dövlət satınalmaları və tender prosesi ilə bağlı xoşagəlməz fikirləri səsləndirənlərdən biri də mənəm. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və rəhbəri olduğum "VECON CONSULTING" Qiymətləndirmə şirkəti adından dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etmişik. Ümumiyyətlə, Azərbaycanda dövlət satınalma və tender prosesinin şəffaflıq dərəcəsinin yüksəldilməsinə ehtiyac var. Bir müddət öncə ölkə başçısı da bununla bağlı fərman imzaladı və müvafiq dəyişikliklərin həyata keçirilməsi üçün yanvar ayına kimi Nazirlər Kabinetinə vaxt verib. Ümidvaram ki, dəyişiklikdən sonra proses daha şəffaf olacaq. Bu məsələdə tək yük qanunvericiliyin üzərinə düşmür, şəxslərdən də çox şey asılıdır. Əvvəllər kağız daşıyıcılar üzərində tender keçiriləndə proses daha şəffaf keçirdi. Hazırda elektron versiyadır və bu portala insanlar nəzarət edir. Portaldakı informasiyaların nə dərəcədə qorunması şühbə yaradır. Qalib olunası şirkət 10 min manat veribsə, sonradan digər şirkət 9990 manat verərək tenderi udub. Bu vəziyyət şübhə yaradır. Necə olur ki, digər şirkət cüzi fərqlə udur?! Bununla bağlı çox sayda faktlar var və haqlı olaraq narazılıq yaradır. Ya portala nəzarət edənlər arasında informasiya sızıntısı var, ya da hansısa formada portala müdaxilə var.

- Dövlət satınalma prosesinin elektron fəaliyyətində hansı dəyişiklik edilməlidir?

- Portala sənədlər yüklədikdə görmək olar ki, heç də həqiqətə uyğun olmayan və qanunsuz sənədlər yüklənib. Sənədin qanuni və ya qanunsuz olduğunu portal müəyyən edə bilmir. Qanunvericilikdə elə bir müddəa olmalıdır ki, təqdim olunan sənədlərin instansiya tərəfindən verilib-verilməməsi aydınlaşdırılsın. Məsələn, bu yaxında Bakı şəhəri İcra Hakimiyyətindən belə bir müraciət olundu və aydınlaşdı ki, onlara təqdim olunan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü şəhadətnaməsi heç də qanuni deyil və müxtəlif texniki müdaxilə nəticəsində saxtalaşdırılıb. Qurum bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdi. Bu cür halların qarşısını almaq üçün sənəd təqdim olunan instansiyalardan həmin sənədin saxta olub-olmaması müəyyən edilməlidir. 

- Satınalma prosesində şəffaflıq hansı səviyyədədir?

- Bir çox hallarda dövlət müəssisələri bu problemə dırnaqarası yanaşır və tender zamanı öncədən qalib müəyyənləşdirilir. Belə ki, müəyyən şirkətlərin qalib olacağı ilə bağlı öncədən danışıqlar aparılır. Bu halda qiymətləndirmə üçün 10 gün vaxt təyin olunur ki, digər şirkətlər bu barədə fikirləşə bilməsinlər. Tenderlərdə real vaxtlar qoyulmur. Tender sadəcə formal olaraq keçirilir. Biz dəfələrlə tenderdə iştirak etmək üçün dövlət qurumuna müraciət etmişik. Həmin dövlət qurumundan bildirilib ki, artıq proses yekunlaşıb və tender formal xarakterlidir. Bu fakt təhsil müəssisələri ilə bağlı olmuşdu. Bizə dedilər ki, artıq qalib müəyyənləşib. Azərbaycanda tenderin formal olması heç kimə sirr deyil. 

Araşdırmamıza görə, bir şirkət və bir şirkətə bağlı digər şirkətlər kollektiv şəkildə ölkədə qiymətləndirmə üçün nəzərdə tutulan xidmət haqqı büdcəsinin il ərzində 30-40 faizini öz əllərində cəmləşdiriblər. Yəni milyonlarla manat vəsait mənimsənilib. Ümid edirəm ki, bu faktlar hüquq-mühafizə orqanlarının diqqətini cəlb edəcək. Çox güman ki, bu vəziyyət digər sahələrdə də mövcuddur. Satınalma prosesinin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki bu sahədə boşluqlar mövcuddur. Əvvəllər sənədlər komissiya tərəfindən hamının gözü qarşısında açılırdı, indi isə portalda yaşanır. Hazırkı prosedur qaydaları ürəkaçan deyil və obyektivlik sual altındadır. 

- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət satınalmaları ilə bağlı fəaliyyətini necə dəyərləndirirsiniz?

- Sözügedən fəaliyyət yalnız bir qurumun üzərində deyil. Ola bilsin ki, bütün qurumun fəaliyyəti sadəcə bir şəxs tərəfindən kölgəyə alınır. Ümumilikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinə gəlincə, müraciətlərə operativ münasibət bildirilib və süründürməçilik halı yaşanmayıb. Lakin bütünlükdə satınalma prosesinə konseptual yanaşma olmalıdır. 

- Satınalmalarda obyektivliyin təmin olunması üçün hansı addımlar atılmalıdır?

- Ölkə başçısının birbaşa dəstəyi, eyni zamanda İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə bu proses yenidən qurulmalıdır. Hər bir dövlət müəssisəsinə bu posta müstəqillik verilməməlidir. Təəssüf ki, dövlət müəssisələrində satınalmalara cavabdeh olan şəxslər bu posta gəlir mənbəyi kimi baxırlar və öz şəxsi maraqları üçün vəziyyətdən sui-istifadə edirlər. Düzdür, işinə vicdanla yanaşan məmurlar da var. Qanunvericilik də yetərincə şərait yaradır ki, proses obyektiv aparılsın. Sadəcə korrupsiya meylləri və rüşvətxorluğun qarşısı alınmalıdır. 

Sonda qeyd edək ki, bir müddət öncə ölkə başçısı İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.







RƏNG SEÇİN