Bakının hansı hissəsi zəlzələyə daha həssasdır?

Zaman-zaman baş verən geoloji proseslər və təbii fəlakətlər cəmiyyət üçün daha ciddi təhlükəyə çevrilir. Xüsusilə də son dövrlər dünyanın müxtəlif coğrafi məkanında zəlzələ ocaqlarının aktivliyi müşahidə olunur. Zəlzələdən heç bir ölkə sığortalanmasa da, təbii fəlakətin nə dərəcədə böyük dağıntıya səbəb olması tikintidə keyfiyyət məsələsini ortaya qoyur.

Son dövrlər yaponların dünyada ən qabaqcıl seysmik xəbərdarlıq sistemini tətbiq etdikləri müəyyən olunub. Bu seysmik sensorlar şəbəkəsinın vasitəsilə yüksək sürətli qatarları saxlamaq, elektrik stansiyalarını söndürmək, telefon və kompüter şəbəkələrinə hadisə haqqında xəbərdarlıq göndərmək üçün avtomatik siqnallar ötürmək imkanı yaranıb.

Adətən zəlzələlər çox vaxt gecə və ya sübh vaxtı baş verir. Hadisə bir neçə saniyə, bəzən isə bir dəqiqədən bir qədər çox davam edir və böyük fəlakətlərlə nəticələnir. Zəlzələ zamanı xüsusilə çoxmərtəbəli yaşayış binalarının çökməsinın böyük insan tələfatına səbəb olması son illər bu binaların inşası prosesində keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına nəzarət məsələsini bir xeyli aktuallaşdırıb.

Xüsusi antiseysmik möhkəmləndirmə tədbirlərinin təmin olunmadığı kərpic evlər və beton materialdan tikilmiş binalar daha təhlükəli, zəlzələyə daha həssas tikililər hesab edilir. Mütəxəssislər hesab edirlər ki, binaların təhlükəsizliyini yoxlamaq üçün düzgün təhlükəsizlik sınaqları və inspeksiyalar təşkil olunmalıdır.

Ölkəmizdə, xüsusilə də paytaxt Bakıda inşa olunan yaşayış binaları seysmik cəhətdən nə dərəcədə etibarlıdır? Bu binalar güclü zəlzələlərə tab gətirmək gücündədirmi?

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri, tikinti üzrə ekspert Vüqar Oruc açıqlamasında sürüşmə zonalarının zəlzələyə daha həssas olduğunu bildirib. Onun sözlərinə görə, yaşayış binaları inşa olunarkən əvvəlcədən müxtəlif geoloji tədqiqatlar aparılmalı, hansı ərazinin zəlzələyə daha çox həssas olunduğu müəyyənləşdirilməlidir: "Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində Tikintiyə Nəzarət Komitəsi adlı qurum fəaliyyət göstərir və bu qurumun laboratoriyaları geoloji tədqiqatlar aparmağa imkan verir.

Paytaxtın Bayıl qəsəbəsində, şəhərin Gəncə prospektinin müəyyən hissəsində, eləcə də bəzi digər yerlərdə sürüşmə zonaları mövcuddur. Zəlzələ və digər təbii fəlakətlər nəzərə alınaraq həmin ərazilərdə tikinti işlərinin aparılmasına yalnız yoxlamalardan sonra icazə verilir".

Qeyd edək ki, Azərbayan tektonik yerdəyişmələrin aktual olduğu zonada yerləşir. Buna görə də Türkiyədə baş verən zəlzələdən sonra binaların zəlzələyə davamlılığını yoxlama proseduru aparılıb və proses dövlətin müvafiq qurumları tərəfindən həyata keçirilib. Hətta bu istiqamətdə özəl qurumlar da müxtəlif xidmətlər göstərməyə başlayıb. Tikililərin zəlzələyə davamlılığını yoxlamaq üçün müəyyən avadanlıqlar və aparatlar mövcuddur.

V.Oruc hesab edir ki, Türkiyədə baş verən zəlzələnin faciəli nəticələrini nəzərə alaraq, Azərbaycanda köhnə və yeni binaların təkrarən yoxlanılmasına ciddi ehtiyac var: "Bəzi məlumatlara görə, bir çox binaların inşası zamanı tikinti materiallarının seçimində səhlənkarlığa yol verilir. Gələcəkdə hər hansı bir təbii fəlakət baş verərsə, həmin binalar çox ciddi şəkildə problemlə üzləşə bilər. Ona görə də belə halları indidən araşdırıb, qarşısını almaq üçün xüsusi komissiya yaradılmalıdır".

Paytaxtda son illər inşa olunan bir çox keyfiyyətli binalar da mövcuddur. İndi başlıca problem keyfiyyətsiz binalarla yanaşı, istismar müddətini başa vurmuş köhnə yaşayış binalarıdır. Bakıda belə binalar həddindən artıq çoxdur. Seysmoloqlar qeyd edirlər ki, Bakını silkələyən əsaslı zonalardan biri Xəzərin şərq hissəsidir. Bakını silkələyə bilən ikinci qurşaq Qobustandan başlayaraq cənuba - Lənkərana qədər uzanır.

Şəhərdə daha bərk süxurlar Yasamal və Günəşli zonasındadır. Müqavimət olan zaman zəlzələ həmin ərazini daha çox silkələyir. Bu nüans isə, həmin ərazilərdə zəlzələnin daha güclü ola biləcəyi ehtimalını artırır".

Memar Aysel Hüseynovanın fikrincə, Azərbaycan dağlıq ərazidə yerləşdiyindən bu zonada zəlzələlərin olması normal və gözləniləndir: "Azərbaycan risk zonasındadır. Ən çox da Bayıl və Zığ qəsəbələri zəlzələyə daha həssas ərazilərdir. Amma böyük maqnitudalı, yüksək ballı zəlzələnin olacağı ilə bağlı qorxuya düşməkdənsə, tikinti sənayesində 8-9 ballıq zəlzələyə davamlı tikililər inşa etmək lazımdır".







RƏNG SEÇİN