Ümumi məlumat
Ünvan: Bakı ş., Yasamal rayonu, Şəfayət Mehdiyev küç., kvartal 559, B/17
Tel: (+99412) 5108665
E-mail: info@aqc.az

Xəritəyə bax

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 12 fevral 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, qiymətləndirmə sahəsinin hüquqi tənzimləyicisinə kömək edən peşəkar bir birlikdir.

“Qiymətləndirmə Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu MDB məkanında ilk dəfə olaraq, həm də Ulu Öndərin göstərişi ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 25 iyun 1998-ci ildə qəbul edilmiş və Azərbaycan Xalqının Ümummilli Lideri, Respublikanın Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış 28 sentyabr 1998-ci il tarixli, 774 saylı Fərmanı ilə qüvvəyə minmişdir.

Nizamnaməsində göstərildiyi kimi, «cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan Respublikası ərazisində qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məsgul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək, onların peşə hüquqlarının qorunmasına, peşə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır». Bu məqsədin reallaşdırılması üçün AQC dövlət orqanları, digər ictimai birliklər, beynəlxalq təşkilatlarla birgə layihə və proqramların, beynəlxalq və Avropa standartlarına uyğun milli qiymətləndirmə standartlarının hazırlanmasında iştirak edir, qiymətləndiricilərin ixtisasının artırılması üzrə kurslar, konfranslar, seminarlar, brifinqlər keçirir, qiymətləndirmə fəaliyyətinin çoxsaylı problemlərini araşdırır və müxtəlif bülletenlər, kitablar nəşr edir, üzvlərini zəruri informasiya ilə təmin edir, ölkənin ayrı-ayrı bölgələrində qiymətləndirmə fəaliyyətinə olan tələbatın ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir və yayır.

Hazırda AQC Rusiya Federasiyasının, Litvanın, Moldovanın, Belarusun, Qazaxıstanın, Qırgızıstanın, Polşanın, Böyük Britaniyanın, ABŞ-ın qiymətləndiricilər birlikləri və cəmiyyətləri ilə, habelə Beynəlxalq Qiymətləndiricilər və Rieltorlar qurumları ilə sıx əməkdaşlıq edir. 2002-ci ildə AQC «MDB qiymətləndiricilər birlikləri Şurası»nın təsisçilərindən biri olmuşdur. Bu, regional beynəlxalq assosiasiyanın yaradılması, onun istirakçısı olan dövlətlərdə vahid qiymətləndirmə məkanının yaradılmasının əsasını müəyyən etmiş, qarşılıqlı investisiya qoyuluşları prosesinin sadələşdirilməsi və mübahisələrin həlli üçün zəmin yaratmışdır. Qeyd etməliyik ki, bu cür regional beynəlxalq qurumlar Avropada uzun müddətdir ki, fəaliyyət göstərir (məsələn, Qiymətləndiricilər Assosiasiyalarının Avropa Qrupu). Bu qəbildən olan beynəlxalq ictimai təşkilatların yaradılmasının əsas məqsədləri istirakçı dövlətlərdə qiymətləndirmə fəaliyyəti sisteminin inkişafına, müvafiq normativ-hüquqi bazasının yaradılmasına, qiymətləndiricilərin ixtisasının yüksəlməsinə, milli qiymətləndirmə standartlarının ölkənin statistika və maliyyə hesabatı sistemi ilə uzlaşdırılmasına yardımçı olmaq, beynəlxalq təşkilatlarda, dövlət hakimiyyəti orqanlarında və idarəetmə strukturlarında öz üzvlərinin hüquqi, iqtisadi və sosial mənafelərini qorumaq, onları lazımi informasiya ilə təmin etməkdir.

Eyni zamanda, ictimai birliklərə üzvlük qiymətləndiricilərin pesəkarlıq səviyyəsini, lazımi informasiyanı əldə etmək imkanının olduğunu təsdiq edir, onlar bu birliklərin adından çıxış etmək, rəmzlərindən istifadə etmək hüququ qazanırlar. AQC öz üzvləri üçün buraxdığı bülletenləri, sorğu vəsaitlərini və digər metodiki vəsaitləri respublikanın bütün ərazisində yayır, normativ aktları işləyib hazırlayır və təsdiq edir, seminarlar, treninqlər keçirir, kitablar nəşr edir. Cəmiyyətin məqsədi əmlakın müxtəlif növlərinin qiymətləndirilməsi ilə məsğul olan mütəxəssislərin fəaliyyətini dəstəkləməkdir.

Hazırkı dövrdə AQC nin idarə heyəti tərəfindən qiymətləndirmə fəaliyyəti üçün konkret olaraq aşağıdakı müddəaları əsas kimi qəbul olunur:

  • elmi sahə olmaq etibarilə, qiymətləndirmə fəaliyyəti qiymətləndiricidən xüsusi biliklər, peşəkar qiymətləndirmənin mürəkkəb məsələlərinin həllini tapmaq bacarığı, qiymətləndirmə fəaliyyətinin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsini tələb edir;
  • səriştəsizliyin və qeyri-səmimiliyin qarşısını almaqla, qiymətləndirmə sifarisçisi qismində çıxıs edən dövlətə, hüquqi və fiziki səxslərə xidmət göstərilməsinin müəyyən səviyyəsini təmin etmək, əmlakın qiymətləndirilməsi xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarını müdafiə etmək.

Fəaliyyətinin səmərəliyini təmin etmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üç əsas məsələni həll edir:

  • müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün istirakçıları üçün bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin sabitliyinə nail olmaq;
  • öz üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü şəxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək;
  • müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə, qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək.

Qiymətləndiricilərin ictimai birliklərinin bu sahədə fəaliyyətin tənzimlənməsi prosesindəki əsas funksiyalarından biri qiymətləndirmə standartlarını və qiymətləndiricilərin etik davranış qaydalarını isləyib hazırlamaqdır. Bu standartlar qiymətləndiricilərin fəaliyyətinin səmərəsini yüksəltməyə, tərtib edilən hesabatların məzmununu, strukturunu standartlaşdırmağa, sifarişçilərə göstərilən xidmətlərin keyfiyyətini artırmağa, onlarla uzunmüddətli işgüzar münasibətlər yaratmağa xidmət edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətinin digər istiqaməti milli qiymətləndirmə standartlarının hazırlanması olmuşdur. Bu məqsədlə 2004-2006-ci illərdə 20-yə qədər milli qiymətləndirmə standartlarının (“Borc öhdəlikləri və ssudalar üzrə təminatın qiymətləndirilməsi”, “əmlak və sair hüquqların qiymətləndirilməsi”,“intellektual mülkiyyətin qiymətləndirilməsi”, “Bazar dəyəri qiymətləndirmə bazası kimi”, “Qiymətləndiricilərin peşə etikası kodeksi”, “Qiymətli kağızların qiymətləndirilməsi”, “Daşınmaz əmlakın qiymətləndirilməsi”, “investisiya proqramlarının qiymətləndirilməsi və s.) işlənməsini nəzərdə tutan fəaliyyət proqramı hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir. AQC nəzdində bu məsələ ilə məsğul olan, aparıcı qiymətləndirici-mütəxəssislərdən və iqtisadçılardan ibarət təşəbbüs qrupu yaradılmışdır. AQC tərəfindən hazırlanmış Milli Qiymətləndirmə Standartları 2009-cu ildən qüvvədədir.

X