Qiymətləndirmə sektorundakı nöqsanlar: Yeni qanun nəyi...
Qiymətləndirmə sektorundakı nöqsanlar: Yeni qanun nəyi dəyişəcək?
Azərbaycanda qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün (qiymətləndirici) tələblərin sərtləşdiriləcəyi gözlənilir. Dəyişikliklərdən biri budur ki, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişikliklərin effektiv nəticə verəcəyi mümkündür:
"Qiymətləndirmə sahəsi ekosistemin vacib elementlərindən biridir. Bu sahə uzun müddət müxtəlif iqtisadi istiqamətlərin kölgəsində qalıb. 2022-cil ilin may ayından etibarən Mərkəzi Bankın sədri Taleh Kazımov, İqtisadiyyat nazirinin müşaviri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, o cümlədən, digər qurumların nümayəndələri ilə keçirdiyimiz bütün görüşlərdə bu məsələni müzakirə etmişik. Son təkliflərin birində qeyd etmişdik ki, 1998-ci ildəki qanun artıq təsirini itirib və yeni qanunun qəbul olunmasına ehtiyac var. Həmçinin elə bir qurum yaradılmalıdır ki, inzibati rıçaqları mövcud olsun. Artıq belə bir qurumun yaradılması ilə bağlı qanun qəbul olunub. Qiymətləndiricilər Palatası status olaraq ictimai birlik kimi nəzərdə tutulsa da, tənzimləmə funksiyaları olacaq. Qurum obyektiv şəkildə formalaşdırıldıqdan sonra sektorda süni rəqabətə qarşı müəyyən addımları olacaq. Fikrimcə, İqtisadiyyat Nazirliyi qanunun müəllifi kimi iqtisadi islahatların aparılmasına və iqtisadi strukturların daha da əlverişli olmasına çalışacaq".
İqtisadçıya görə, Qiymətləndiricilər Palatasının üzvü olan şəxsin qiymətləndirici olması tələbi doğru addımdır:
"Nəzərdə tutulan dəyişiklik qanunauyğundur və ədalətli qərardır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tərkibində birləşən aparıcı şirkətlər və qiymətləndiricilər bu prosesdə aktiv iştirak edəcəklər. Prosesin legitimliyi və qarşıya qoyulan məqsədin reallaşması üçün aktivliyin olması vacibdir. Məqsəd qiymətləndirmə sektorunda mövcud olan problemləri aradan qaldırmaqdır. Əslində qəbul olunan qərarlar sərtləşmə deyil. Sadəcə bu addımların atılmasına ehtiyac var idi".